İlk tura start verildi FOTO

Bu gün "Ölkədaxili turizmin inkişafı" layihəsi çərçivəsində ilk tura start verilib. SİA-nın məlumatına görə, ilk tur İçərişəhərdə yerləşən "Qız qalası"na olub. "İçərişəhər" Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin bələdçiləri gənc və yeniyetmələrə tarixi abidənin yaranması haqqında məlumat verib. Daha sonra "Qız qalası"na ekskursiya olub.

Təhsil Nazirliyi Gənc Turistlər və Diyarşünaslıq mərkəzinin direktor müavini Səlimə Allahverdiyevanın sözlərinə görə, layihənin davamı olaraq Bakı ətrafında olan bütün abidələr və tələbələrin asudə vaxtlarında bölgələrimizə səfərlər olacaq: "İlk görüşümüz İçərişəhərdə olan "Qız qalası"ndan başladı. Layihədə Bakının 11 rayonu təmsil olunur. May ayında isə tətil zamanı yay düşərgələrinin salınması nəzərdə tutulur".

Gənclərin Həmrəyliyinə dəstək İctimai Birliyinin rəhbəri Cəmilə Abdullayeva isə bildirib ki, layihənin məqsədi gənc və yeniyetmələrlə vətənə, xalqa, milli-mənəvi dəyərlərimizə hörmət və məhəbbət hisslərini daha da gücləndirmək, ekoloji tərbiyəni genişləndirmək, diyarşünaslığı, turizmi inkişaf etdirmək, gənclərin turist ustalıqlarını artırmaq və dövlətimizə layiqli vətəndaş yetişdirməkdir.

Məlumat üçün bildirək ki, il ərzində hazırlaşdırılmış işçi qrupunun üzvləri tətil zamanı düşərgələrin təşkilində və işin aparılmasında öz biliklərini nümayiş etdirəcəklər. Layihə 2012-ci ilin sentyabrın 15-dən start götürüb və gələn ilə kimi davam edəcək.

Qeyd edək ki, layihə Təhsil Nazirliyi Gənc Turistlər və Diyarşünaslıq mərkəzi, Dünya Azərbaycanlı Gənclərin birliyi və Gənclərin Həmrəyliyinə dəstək İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə