Mona Lizanın qəbrindən skeletlər çıxdı

Mona Lizanın qəbrindən skeletlər çıxdı

Leonardo da Vinçinin "Mona Liza" əsərindəki qadın olduğu güman edilən Liza Gerardininin qəbrində qazıntı işləri aparan italiyalı arxeoloqlar daha iki skelet tapıblar. SİA-nın xəbərinə görə, bu barədə İtaliyanın ANSA agentliyi məlumat yayıb.

Qalıqlar 1542-ci ildə Gerardininin dəfn edildiyi yerdə - Florensiyada keçmiş Müqəddəs Ursula monastırının ərazisindəki qəbirdə aşkarlanıb. Beləliklə, fasilələrlə bir ildən çox davam edən qazıntılar zamanı aşkarlanmış skeletlərin sayı 7-yə çatıb.

Alimlər skeletləri çərşənbə axşamı aşkarlayıblar. Onlardan biri bütövdür, digərindən isə yalnız fraqmentlər qalıb. Layihə rəhbəri Silvano Vinçentinin sözlərinə görə, skeletlərin qadınlara aid olduğu güman edilir.

Qeyd edək ki, tədqiqatçıların məqsədi Gerardininin kəllə sümüyünü tapmaqdır. Kəllə sümüyünə əsasən alimlər onun necə göründüyünü bərpa edə biləcəklər. O zaman alınmış nəticələri Leonardo da Vinçinin çəkdiyi portretlə müqayisə etmək və həqiqətən də şəkildəkinin Gerardini olub-olmadığını müəyyənləşdirmək mümkün olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə