Rəssamlıq... Bu sözü eşidəndə gözümün önündə müxtəlif rənglər və tablolar canlanır. Məhz rəssamlar görüb-görmədiyi səhnələri, əşyaları və insanları canlandıra bilirlər. Bu sənətdən danışanda ağlıma gənc rəssam Turan Muxtarzadə gəldi. Beləliklə, Turan xanım SİA-nın növbəti müsahibinə çevrildi.
Bu gün Turanın əsərləri Rusiya, Sinqapur, Türkiyə, Almaniya və Azərbaycan kimi ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.
O, Azərbaycanın əməkdar rəssamı, dünya mədəniyyətinə və rəssamlığına verdiyi töhfələrə görə "Min ilin adamı" mükafatına layiq görülən Sakit Məmmədovun tələbəsidir.
Gənc istedadla görüşümüz də elə Sakit Məmmədovun muzeyində baş tutdu:
- Rəssamlığa bu cür böyük maraq necə yaranıb?
- Uşaq vaxtından çəkməyə həvəsim olub. Məktəbdə bütün rəsm işlərini mənə tapşırırdılar. Sonra gördüm ki, şəkillərim başqalarından fərqlənir. Buna görə də 9-cu sinifdən Rəssamlıq kollecinə daxil oldum. Kollecdə oxuduğum müddətdə də müxtəlif sərgilərdə iştirak edib, qalib gəlirdim. Kolleci bitirdikdən sonra da Azərbaycan Dövlət Rəssamlıq Akedemiyasına qəbul oldum. Akademiyada oxuyanda da müsabiqə xarakterli sərgilərdə iştirak edirdim.
- Sakit Məmmədovla tanışlığınız necə olub ?
- Bu tanışlıq ağlımda çox maraqlı anlarla yadda qalıb. Sərgilərin birində iştirak etmək üçün rəsm əsərimi vermişdim. Sərgini başdan-ayağa gəzdikdən sonra şəklimin sərgidəki şəkillər arasında olmadığını görüb ağlamağa başladım. Sonra Sakit müəllim mənə yaxınlaşdı. Nəyə görə ağladığımı öyrəndikdən sonra öz oğlunun şəklini çıxarıb mənim əl işimi asdı. O, bununla mənə dəstək oldu. Sərgidən sonra Sakit müəllim məni "ağlayan qız" kimi tanıdı. Harda görsə "ağlayan qız, necəsən?" deyirdi.
- Bəs tələbəsi olmağı necə bacardız?
- Sakit müəllim hər tələbəni hazırlaşdırmır. Çox müraciət edənlər olur amma o təkcə istedadlı tələbələri qəbul edir. Akademiyaya hazırlaşarkən şəkillərimi təqdim etdim çox bəyəndi və qəbul etdi. Artıq 4 ildir Sakit müəllimin, həm də Akademiyanın 4-cü kurs tələbəsiyəm. Akademiyanın 4 ili ərzində çox uğurlarım olub. 2010-cu ildə Türk-Azərbaycan rəssamlarının sərgisində 1-ci yerə layiq görüldüm.
- Elə ailələr var ki, övladlarının rəssam olmağına qarşı çıxır. Sizin ailədə necə oldu?
- Ailəm görürdü ki, istedadım var ona görə də qarşı çıxmadılar. Mən kollece daxil olmaq istəyəndə də mənə dəstək oldular.
- Rəssamlaq sizin üçün bir hobbi, yoxsa sırf işdir?
- Xeyr, bu mənim ən sevimli işimdir. Hobbi o zaman olardı ki, kolleci bitirib, təhsilimi davam etdirməyim.
- Bu işinizdə maddi vəziyyət necədir?
- Şəxsən məndə çox gözəldir. Sakit müəllim də həmişə deyir ki, yaxşı rəssam olsaz pul qazana biləcəksiniz. Əgər bu sənətə dırnaqarası baxırsınızsa heç vaxt uğur əldə edə bilməyəcəksiniz. Mənə tez-tez şəkil sifariş edirlər. Həm də əl işlərimizi qalereyalara verib, satırıq. Bu yaxınlarda Heydər Əliyev Fondundan bizə Ulu Öndərin portretini çəkmək tapşırılmışdı və seçilən 3 əsər arasında mənimki də var idi.
- Özünüz kimi gənc həmkarlarınıza məsləhətiniz nədir?
- Əgər bu sənətə başlayıblarsa davam etdirmək lazımıdır. Yox, yarımçıq qoyacaqsansa heç başlama. Çalışmaq lazımdır ki, istedadlılar irəli getsin. Yenə deyirəm, əsərlərimi baha satıram. Sakit müəllimin tələbəsi olmaq qiyməti 2 qat artırır.
Xanım Nağıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB