Xanəndənin ifası hansı Şərqin ulduzunu xatırlatdı?

İtaliyada "Musica Dei Popoli" beynəlxalq musiqi festivalı keçirilib. Beynəlxalq tədbirdə ölkəmizi xanəndə Qoçaq Əsgərov təmsil edib. Ötən gün bütün heyətlə Bakıya qayıdan musiqiçi təəssüratlarını SİA ilə bölüşüb. Böyük salonda minlərlə tamaşaçı qarşısına çıxan musiqiçilərimiz izdihamla qarşılanıb.

Onların ifasında muğam, xalq mahnıları, təsnifləri dinləyən əcnəbilər nəinki alqışları, ayaqlarını yerə vurmaqla, çıxışın davamını istəyiblər. "Bis" (musiqiçininin təkrar oxumasını ifadə edir) deyə qışqıran minlərlə tamaşaçı ikinci dəfə də Azərbaycanın muğamını eşitməkdən doymayıb. Nəhayət, musiqiçilər növbəti dəfə səhnəyə qayıdıb və izdihamlı konserti təkrar ifası ilə yekunlaşdırıblar.

Qeyd edək ki, sentyabrın 29-da baş tutan konsert proqramında Q.Əsgərovun bir müddət əvvəl İtaliyada buraxılan diski tirajlanaraq satışa çıxarılıb. Publika diskin satışına da maraq göstərib.

Xanəndə Qoçaq Əsgərov bildirir ki, konsert proqramı festivalın təşkilatçısının da ürəyincə olub. O, musiqiçilərimizin qaldığı otelə gələrək fikrini bölüşüb. Xanəndəyə üzünü tutaraq:

"Sizin oxumağınız mənə Şərqin ulduzlarından olan, pakistanlı mərhum musiqiçi Nüsrət Fateh Əlixanın ifasını xatırlatdı. Onun qardaşı oğlu da oxuyur. Amma onun ifası fərqlidir" - deyə bildirib.

Məlumat üçün bildirək ki, xanəndənin növbəti səfər proqramı yaxın həftələrə gözlənilir. O, bir neçə xarici ölkəyə turneyə çıxacaq. Onu həmişə olduğu kimi tarda Mircavad Cəfərov, kamançada Elnur Mikayılov, balabanda Şirzad Fətəliyev, nağarada Kamran Kərimov müşayiət edəcəklər. Silsilə konsertlərə YUNESKO-nun eksperti Sənubər Bağırova dəstək göstərir.

Konsertdən maraqlı fotoları Əqdəs Bağırzadə lentə alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə