“İlk tələbə bileti, teatrla ilk tanışlığın sevinci”

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ölkəmizdəki ali təhsil ocaqlarından biri olan Azərbaycan Siyasi İctimai Universiteti ilə birgə "İlk tələbə bileti, teatrla ilk tanışlığın sevinci" adlı layihə həyata keçirəcək. SİA-nın məlumatına görə, ikinci ildir həyata keçirilən layihənin əsas məqsədi gənclərin, xüsusən ali təhsil ocaqlarında təhsil alan tələbələrin teatra cəlb olunması və teatrın imkanlarından onların hərtərəfli inkişafı üçün geniş istifadə olunmasıdır.

Bundan başqa, Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də paytaxtdan olan tələbə adını qazanan abituriyentləri teatrın zəngin tarixi ilə yaxından tanış etmək, tələbələrə qiymət kitabçaları və tələbə biletləri təqdim etmək olacaq.

Tədbirdə teatrın rəhbərliyi, kollektivi, Azərbaycan İctimai-Siyasi Universitetinin professor, müəllim və tələbə kollektivi, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin nümayəndələri və "Bura Vətəndir" məclisinin üzvləri çıxış edəcəklər.

Daha sonra universitetin professor və müəllim heyəti tələbələrə qiymət kitabçası və tələbə biletləri təqdim ediləcək. Tədbir iştirakçılarına həmin gün G.Fiqeyredonun "Ezop" tamaşası nümayiş etdiriləcək.

Qeyd edək ki, tədbir oktyabrın 3-də, saat 15.00-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə