Bu gün M.F.Axundov adına Milli Kitabxanada Azərbaycan Aşıqlar Birliyinin "Ustad aşıqlarımız" seriyasından nəşr etdirdiyi "Aşıq Ələsgər" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq çıxış edən kitabxananın direktoru Kərim Tahirov Aşıq Ələsgərin həyatından, yaradıcılığından danışıb: "Bildirib ki, bir sıra görkəmli aşıqlardan dərs alıb, özündən sonra gələn aşıqlara qüvvətli təsir göstərib. O, aşıq yaradıcılığının bütün sahələrinə müraciət edib və Azərbaycan ədəbiyyatında böyük iz buraxıb".
Tədbirdə iştirak edən xalq şairi və kitabın məsləhətçisi Zəlimxan Yaqub vurğulayıb ki, Aşıqlar Birliyinin yeni layihəsi - "Ustad aşıqlarımız" seriyasından olan bu kitab Azərbaycan aşıq sənətində və poeziyasında özünəməxsus yeri olan ölməz ustad Aşıq Ələsgərə həsr olunub: "Ustad indiyədək ən çox tədqiq olunan, yaradıcılığı elmi nöqteyi nəzərdən ciddi öyrənilən, haqqında bir çox bədii əsərlər yazılan sənətkardır. Ələsgər aşıq poeziyamızın sonuncu nəhəngidir. O, yaratdığı dilin və doğma xalqının yaddaşında büllur söz və musiqi kimi qalan gözəllik vurğunu, həyat aşiqi, saflıq və səmimiyyət ustadıdır".
Məlumat üçün bildirək ki, kitabda Aşıq Ələsgər haqqında elmi- publisistik məqalələr, xalq şairi Zəlimxan Yaqubun ustada həsr etdiyi "Göyçədən gələn səslər" poeması və Aşıq Ələsgərin yaradıcılığından nümunələr yer alıb. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi işıq üzü görən kitab bu il "Elm və təhsil" nəşriyyatında 600 tirajla çap olunub.
Qeyd edək ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi və M.F.Axundov adına Milli Kitabxanasının birgə təşkilatçılığı ilə baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB