AGTT mövsümü açdı FOTO

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 85-ci teatr mövsümünə start verib. SİA-nın məlumatına görə, saat 12.00-da teatr azyaşlı tamaşaçılarına müəllifləri gənc dramaturq Kamran Ağabalayev və istedadlı rejissor Nicat Kazımov olan "Rəvayəti - Şahzadeyi - Xəzər" tamaşası nümayiş olunub. İki hissəli mistik dramın quruluşçu rejissoru və rəqslərin quruluşçusu müəlliflərdən biri - Nicat Kazımovdur.

Tamaşada Azərbaycan ədəbiyyatının ən qədim növü sayılan şifahi xalq ədəbiyyatının ən gözəl nümunələrindən sayılan bir neçə nağılın birləşməsindən istifadə olunub. Səhnə əsərində rolları Xalq artistləri Ağaxan Salmanlı, aktyorlar Nicat Kazımov, Manaf Dadaşov, Elnur Kərimov, Nigar Məmmədova, Səfa Mehdi, İlham Əsədov, Asya Atakişiyeva, Zülfiyyə Alhüseynova, Natiq Fərzəliyev, Elşən Hacıbabayev, Cavanşir Məhərrəmov və başqaları ifa ediblər.

Axşam saat 19.00-da isə "Müsyö Jordan və dərviş Məstəli şah" tamaşası nümayiş etdirilib. Realist dramaturgiyamızın və nəsrimizin banisi Mirzə Fətəli Axundzadənin eyniadlı komediyası əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Əməkdar rəssam Tahir Tahirov, rəqslərin quruluşçusu Sənan Hüseynlidir.

Tamaşada ətalət və geriliyin hökm sürdüyü XIX əsr Azərbaycanı əksini tapıb. Əsərdəki qadınların avamlığı və cəhaləti pislənmiş, gənclərin dünyəvi, əsasən də təbiətşünaslıq elmlərinə yiyələnməsi fikri aşılanıb.

Tamaşada rolları əməkdar artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Elşən Rüstəmov, Şövqi Hüseynov, Rahib Əliyev, aktyorlar Kərəm Hadızadə, Asya Atakişiyeva, Elnur Hüseynov, Natiq Fərzəliyev, Mirismayıl Kazımlı və başqaları canlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə