Beynəlxalq forum başladı

Bu gün "Muzey icmaları və dövlət qurumları arasında qeyri-maddi mədəni irsin mühafizəsi və inkişafı üzrə əməkdaşlıq" adlı beynəlxalq forum öz işinə başlayıb. SİA-nın məlumatına görə, forumda Azərbaycan, Rusiya, Gürcüstan, Ukrayna ICOM Milli Komitələrinin nümayəndələri, həmçinin UNESCO-nun qeyri-maddi mədəni irs üzrə eksperti iştirak edib.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxışında bildirib ki, forumun keçirilməsində məqsəd muzey icmasının və dövlət qurumlarının imkanlarının birləşdirilməsi üzrə qeyri-maddi mədəni irsin mühafizəsində və inkişafında əsas məsələlərin aşkar edilməsindən ibarətdir.

Tədbirdə iştirak edən UNESCO Azərbaycan Milli Komitəsinin Baş Katibi Günay Əfəndiyeva isə vurğulayıb ki, forum çərçivəsində Azərbaycanın UNESCO-ya daxil olunmasının 20 illik yubileyi qeyd olunacaq: "Bu yüksək səviyyəli beynəlxalq təşkilatın Azərbaycanın maddi və qeyri-maddi mədəni irsini bütün dünya xalqları qarşısında tanıtmaq, müdafiə etmək, məlumatlandırmaq istiqamətində apardığı işlər danılmazdır.

ICOM Azərbaycan Milli Komitəsinin sədri, L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva " Xalça ənənələrinin dirçəlişi", Rusiya Federasiyası, Mədəniyyət Nazirliyinin Beynəlxalq Mədəni Əlaqələr departamentinin direktoru Yekaterina Selezneva "Qeyri-maddi mədəni irs", ICOM Gürcastan Milli Komitəsinin sədri İnqa Karaya "Qeyri-maddi mədəni irsin qorunmasında və interpretasiyasında muzeylərin rolu" mövzusunda müzakirələrlə öz fikirlərini bildiriblər.

Forum iştirakçıları Azərbaycanın müasir dekorativ tətbiqi sənət nümunələrindən ibarət "Ənənələr yaşayır" adlı sərgi ilə tanış olublar. Sərgidə tikmə ustaları Vəkilova Qalena, Əhmədova Rəhilə, Xəlilzadə Mehriban, Seyidəliyeva Zərifə, Əliyeva Bədirə, Əsgərova Şəhla, xalçaçı-rəssamlar Hacıyev Eldar, İsmayılova Zemfira, Həşimova Zahidə, zərgər Cəmaləddin Eyyubovun əl işləri nümayiş olunub.

Məlumat üçün bildirək ki, iki gün davam edəcək forum Azərbaycan Milli İncəsənət Muzeyində öz işini davam etdirəcək.

Qeyd edək ki, beynəlxalq forum Mədəniyyət və Turizm Nazirliyi, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan Milli Komitəsi, "Azərbaycan Xalçaçıları" İctimai Birliyi və L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin təşkilatçılığı ilə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə