Bakıda beynəlxalq forum keçiriləcək

Bakı şəhərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan Milli Komitəsi, "Azərbaycan Xalçaçıları" İctimai Birliyi və L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi "Muzey icmaları və dövlət qurumları arasında qeyri-maddi mədəni irsin mühafizəsi və inkişafı üzrə əməkdaşlıq" adlı beynəlxalq forum keçirir. Muzeydən anspress-ə verilən məlumata görə, 24-26 sentyabr 2012-ci il tarixlərində reallaşacaq forumda Azərbaycan, Rusiya, Gürcüstan, Ukrayna ICOM Milli Komitələrinin nümayəndələri, həmçinin UNESCO-nun qeyri-maddi mədəni irs üzrə eksperti iştirak edəcək.

Forumun keçirilməsində məqsəd muzey icmasının və dövlət qurumlarının imkanlarının birləşdirilməsi üzrə qeyri-maddi mədəni irsin mühafizəsində və inkişafında əsas məsələlərin aşkar edilməsindən ibarətdir. Forum çərçivəsində Azərbaycanın UNESCO-ya daxil olunmasının 20 illik yubileyi qeyd olunacaq. Bu yüksək səviyyəli beynəlxalq təşkilatın Azərbaycanın maddi və qeyri-maddi mədəni irsini bütün dünya xalqları qarşısında tanıtmaq, müdafiə etmək, məlumatlandırmaq yönümündə apardığı işlər danılmazdır.

ICOM Rusiya Milli Komitəsi Bakıda forum çərçivəsində Rusiyanın 20 aparıcı muzey direktorları və ICOM Rusiya Milli Komitəsinin Prezidenti, Rusiya Prezidentinin mədəniyyət məsələləri üzrə müşaviri V.İ.Tolstoyun iştirakı ilə öz rəyasət heyətinin iclasını da keçirəcək.

Forum Bakı Biznes Mərkəzində saat 10-00 da öz işinə başlayacaq. Tədbirdə UNESCO Azərbaycan Milli Komitəsinin Baş Katibi Günay Əfəndiyeva "Azərbaycanla UNESCO arasında 20 illik əməkdaşlığın nəticələri və perspektivləri", ICOM Azərbaycan Milli Komitəsinin sədri, L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva " Xalça ənənələrinin dirçəlişi", Rusiya Federasiyası, Mədəniyyət Nazirliyinin Beynəlxalq Mədəni Əlaqələr departamentinin direktoru Yekaterina Selezneva "Qeyri-maddi mədəni irs", ICOM Gürcastan Milli Komitəsinin sədri İnqa Karaya "Qeyri-maddi mədəni irsin qorunmasında və interpretasiyasında muzeylərin rolu", Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova "Cəngin dirçəlişi", Qobustan Milli Qoruğu Muzeyinin direktoru Məlahət Fərəcova "Qayalarda yazılanlar - Qobustan qoruğunun qayaüstü incəsənət abidələrinin təbliğatında ictimaiyyətin rolu", Astara Rayon Mədəniyyət və Turizm şöbəsinin məsləhətçisi Əfqan Şəfiyev "Qeyri-maddi mədəni irsin muzeylər vasitəsilə təbliği" mövzusunda çıxış edib, müzakirələr aparacaqlar.

Forum iştirakçıları Azərbaycanın müasir dekorativ tətbiqi sənət nümunələrindən ibarət "Ənənələr yaşayır" adlı sərgi ilə tanış olacaqlar. Sərgidə tikmə ustaları Vəkilova Qalena, Əhmədova Rəhilə, Xəlilzadə Mehriban, Seyidəliyeva Zərifə, Əliyeva Bədirə, Əsgərova Şəhla, xalçaçı-rəssamlar Hacıyev Eldar, İsmayılova Zemfira, Həşimova Zahidə, zərgər Cəmaləddin Eyyubovun əl işləri nümayiş olunacaq.

Tədbirdə həmçinin Azərbaycan Milli Incəsənət Muzeyi, İçəri Şəhər Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsi, Teatr Muzeyi, Səməd Vurğunun Ev Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Xalça muzeyi, Azərbaycan Ədliyyəsinin Tarixi muzeyi tərəfindən nəşr olunmuş buklet, kataloq və kitablar da təqdim olunacaq. Bu təqdimat bir daha Azərbaycan Muzeylərinin fəaliyyətinin göz önündə canlandıracaq.

Forum 25-26.09.2012-ci il tarixlərində Azərbaycan Milli İncəsənət Muzeyində öz işini davam etdirəcək.

26.09.2012-ci il tarixində keçirilən forumda ICOM Rusiya Milli Komitəsinin Prezidenti Vladimir İlyiç Tolstoy çıxış edəcək. Həmçinin AMEA-nın böyük elmi işçisi və UNESCO-nun qeyri-maddi mədəni irs üzrə eksperti Sənubər Bağırova "Azərbaycanda Qeyri-maddi mədəni irsin qorunmasında və inkişafında UNESCO-nun rolu" mövzusunda çıxışı, Azərbaycan, Rusiya, Gürcüstan, Ukrayna ICOM Milli Komitələrinin nümayəndələrinin iclası və yekun sənədlərin qəbulu nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə