Xanəndəmiz erməni rejissorun arzusunu ürəyində qoydu

Xanəndəmiz erməni rejissorun arzusunu ürəyində qoydu

Azərbaycanın xalq artisti və dünya şöhrətli muğam ifaçısı Alim Qasımov qastrol səfərinə hazırlaşır. Muğam ifaçısının mətbuat katibi Səadət Möhübovanın SİA-ya verdiyi məlumata görə, xanəndə qızı Fərqanə Qasımova ilə birlikdə sabah səhər saatlarında Varşavaya yola düşəcək.

Səfərin məqsədi orada keçiriləcək VIII Beynəlxalq Musiqi Festivalında çıxış etməkdir. İki günlük səfər çərçivəsində baş tutacaq konsertdə xanəndələri tarda Rauf İslamov və Zəki Vəliyev müşayiət edəcək. Muğam ifaçımız sentyabrın 25-də vətənində olacaq.

Məlumat üçün bildirək ki, "Şərq ilhamı" şüarı altında keçiriləcək festivalın açılış konsertində Alim Qasımovla birgə ermənilərin öz milli alətləri kimi təqdim etdikləri Azərbaycanın milli musiqi aləti olan balabanda ifa edən və bir çox festivallarda təmsil olunan Civan Qasparyan da çıxış edəcək. Festival çərçivəsində Yakutiya xalq mahnıları ifa edən "Ayarxaan" adlı qrupun da çıxışı nəzərdə tutulur. Onların ardınca ərəb "Ali-Kindi" qrupu və dünyada sufi mahnıları ilə məşhurlaşan Raza Xanın çıxışı olacaq. Festivalın final konsertinin proqramına Afrikada məşhur olan Bubakar Traorenin də adı salınıb.

11 ölkənin təmsil olunacağı festival, Varşavanın Mədəniyyət Sarayında baş tutacaq. Onu da öyrəndik ki, bu Alim Qasımovun ermənilərlə iştirak etdiyi ilk festival deyil. Fransada keçirilən festivallardan birində təşkilatçılar tərəfindən sözügedən Civan Qasparyanla birgə çıxış etmək təklif olunub. A.Qasımov isə dərhal buna etirazını bildirib.

S. Möhübova onu da qeyd etdi ki, keçən il erməni rejissoru tərəfindən Alim Qasımov haqqında film çəkmək təklifi gəlib. O, azərbaycanlı muğam ifaçısına başqa ölkədə görüş təyin edib, hətta bütün xərcləri öz öhdəsinə götürüb. Lakin Alim Qasımov bu təklifi rədd edərək, belə bir arzuda olmadığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə