Gənclər və İdman Nazirliyinin və "Cinema" Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı ilə 27, 28 və 29 noyabr tarixlərində Bakıda "START" Tələbə və Gənclərin Beynəlxalq Film Festivalı keçiriləcək. Artıq bu gündən başlayaraq festivala filmlərin təqdim olunmasına başlanıb. Bu sözləri SİA-ya açıqlamasında festivalın direktoru Fehruz Şamıyev bildirib.
Onun sözlərinə görə, bu dəfə festival daha böyük miqyasda keçiriləcək: "Bu il "START" Tələbə və Gənclərin Beynəlxalq Film Festivalı əvvəlki illərdən fərqli bir görünüşdə olacaq. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə festivalı daha geniş miqyasda keçirəcəyik. Builki festivalda Avropa və Asiyadan olan 25-ə qədər ölkənin iştirakı gözlənilir. Artıq həmin ölkələrin gənc kinematoqrafçılarının rejissorları ilə əlaqələr qurulub. "START" Qafqaz regionunda ən böyük qısametrajlı film festivalıdır. Məlumdur ki, bizim festivala hətta Kann Film Festivalının qisametraj proqramında iştirak edən filmlər də qatılıb. Almaniya, Fransa, İspaniya, Portuqaliya, Polşa və s. Avropa ölkələrindən hər il bizim festivala filmlər göndərilir. Bu il festivalda təkcə gənc kinematoqrafçılar üçün yox, orta yaşlı kinematoqrafçılar üçün də maraqlı proqram gözlənilir. Əlavə edim ki, festivalın münsiflər heyətində Avropanın tanınmış festivallarında mükafat almış şəxslər yer alacaq".
O həmçinin vurğulayıb ki, festivalda daha bir yenilik yerli və beynəlxalq yarışma proqramlarının olmasıdır. "Belə ki, azərbaycanlı müəlliflər filmlərinin səviyyəsini nəzərə alıb işlərini festivalın "YERLİ FİLMLƏR" müsabiqə proqramına da göndərə bilər. Bu proqramda filmlər 3 nəfərdən ibarət yerli münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Beynəlxalq müsabiqədə isə filmləri 5 nəfərdən ibarət beynəlxalq jüri heyəti nominasiyalara uyğun mükafatlandıracaq".
Qeyd edək ki, filmlər 20 oktyabr tarixinə kimi qəbul edilir. Festivalda tələbələr və yaşı 35-ə qədər olan gənc rejissorlar iştirak edə bilər. Müəlliflərin ekran əsərləri "Ən yaxşı bədii film", "Ən yaxşı sənədli film", "Ən yaxşı cizgi filmi", "Ən yaxşı eksperimental film" və "Ən yaxşı film- Qran Pri" uğrunda yarışacaq.
Festivala qatılmaq istəyən müəlliflər "Cinema" Gənc Kinematoqrafçlar Mərkəzinin Vidadi 148 ünvanındakı ofisinə müraciət edə bilər. Əlavə məlumat üçün (012) 597- 91-36 telefonu və [email protected] adresi ilə əlaqə saxlamaq olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB