Muğam ilk dəfə İspaniyada səslənəcək

Muğam ilk dəfə İspaniyada səslənəcək

Əcnəbilərin səsini daha sıx eşitmək istədiyi azərbaycanlı xanəndə Qoçaq Əsgərov növbəti çıxışına hazırlaşır. O, sentyabrın 23-də İspaniyanın "İnstitut de Cultura de Barcelona" mərkəzində musiqiçilərimizin müşayiəti ilə canlı oxuyacaq.

Qeyd edək ki, konsert Barselonada keçirilən beynəlxalq musiqi festivalı "Merce-2012 – Merce Musica" çərçivəsində təşkil edilib. Bu barədə SİA-ya xanəndə özü məlumat verib:

"Bizim çıxışımız Barselonadakı səfirliyimizin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin xətti və eyni zamanda YUNESKO-nun eksperti Sənubər Bağırovanın dəstəyi nəticəsində baş tutur. Bu, Barselonada ilk azərbaycanlı musiqiçinin konserti hesab ediləcək".

Xanəndə bildirir ki, konsertə onu tarda Mircavad Cəfərov, kamançada Elnur Mikayılov, balabanda Şirzad Fətəliyev, nağarada Kamran Kərimov müşayiət edəcəklər.

Xanəndə muğam, təsnif və xalq mahnıları səsləndirəcək. Azərbaycanlı musiqiçinin konserti ilə bağlı afişalar artıq şəhərin küçələrinə vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə