Bu gün Bakı Musiqi Akademiyasının qarşısında Ü. Hacıbəylinin yubileyinə və Milli Musiqi Gününə həsr olunan təntənəli mərasim keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ilk olaraq çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Üzeyir Hacıbəylinin doğum gününün 1995-ci ildən etibarən prezident Heydər Əliyevin xüsusi sərəncamı ilə Üzeyir Musiqi Günü kimi qeyd edildiyini söyləyib. Nazir bu il artıq 4-cü dəfə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin doğum günü ilə əlaqədar Beynəlxalq Musiqi Festivalının keçiriləcəyini açıqlayıb.
Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli Azərbaycanın Üzeyir Hacıbəyli kimi bir dahi şəxsiyyəti olduğuna görə fəxr etdiyini deyib: "Dahi bəstəkarımız musiqimizin peyğəmbəridir. Onun ruhu indi çox narahatdır. İnanıram ki, onun musiqiləri tezliklə müqəddəs Şuşada səslənəcək".
Üzeyir Hacıbəylinin musiqisinin yeni bəstəkarlar üçün ilham mənbəyi olduğunu bildirən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə isə yubileylə əlaqədar görülən işlər barədə məlumat verib.
Çıxışlardan sonra məxsusi olaraq bu gün üçün hazırlanan konsert proqramı nümayiş etdirilib. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Azərbaycan Dövlət Xor Kapellası və Müdafiə Nazirliyinin nümunəvi Hərbi Orkestrinin ifasında dahi bəstəkarın əsərləri ifa olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB