Xalçaçı rəssam: "Ulu Öndərin rəsmlərini işləməkdən zövq alıram" MÜSAHİBƏ
Bir çox tanınmış simaların cizgilərini xalça üzərində toxuyan və canlısından heç bir fərqi olmayan portretini yaradan xalçaçı-rəssam Hacı Baladayının SƏS TV-yə müsahibəsi:
- Özünüz və yaradıcılığınız haqqında məlumat verərdiniz...
- Bakıda doğulmuşam. Bu sahədə olmağım heç də təsadüfi deyil, çünki nənəmin nənəsi xalçaçı olub. İndiki Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm. Professor Lətif Kərimovun sinfində təhsil almışam. Onun sağlığında metal və ağac üzərində işləyirdim. Müəllimim rəhmətə gedəndən sonra xalçaçılıqla məşğul oldum. Möhtərəm prezidentimiz Heydər Əliyev və onun oğlu İlham Əliyevin şəklini xalça üzərində toxumuşam. Bununla yanaşı, hazırda Heydər Əliyev Fondunda müəllifi olduğum akademik Zərifə Əliyevanın portreti saxlanılır. Həmin əsər orada daimi eksponatdır. Fondda daha 2 əsərim də yer alıb. Bununla yanaşı, İlham Əliyevin hakimiyyətə yeni gəlişi münasibəti ilə prezidentimizin yer aldığı xalça toxudum. O, ilk dəfə prezident olanda bizim kəndə- Məştağaya gəlib. Orada dedim ki, ananız Zərifə Əliyevanın portretinin eskizini işləmək istəyirəm. Bunu hazırlamağım 5 ay çəkdi. Orada elə bir naxışlar etmişəm ki, Azərbaycan tarixində onu məndən başqa ikinci bir adam edə bilməz. Həmin naxış sırf mənim əlimin məhsuludur. Bir əsərimi də Ulu öndər Heydər Əliyevin qardaş ölkə olan Türkiyə haqqında söylədiyi dəyərli fikrin- "Bir millət iki dövlət" şərəfinə işləmişəm. Buna görə də Türkiyənin baş naziri Rəcəb Tayip Ərdoğanın portretini işləmişəm. Həmin əsərlə Türkiyədə "Qızıl Əllər" sərgisində iştirak etmişəm. Baş nazir şəhərimizə gəldikdə, prezidentimiz məsləhət bilsə portreti ona hədiyyə edəcəyəm.
- Tanınmış simaların əsərlərin yaratmısınız. Niyə məhz tanınmış simalar?
- Sənət dünyasında tanınmışlar böyük işlər görür. Rəssamda istəyir ki, əsərlərində onu dünyaya çatdırsın.
- Sırf təkcə xalça üzərində, yoxsa kağız üzərində də əsərləriniz var?
- Əvvəl kağız üzərində işləyirdim. Zərifə Əliyevanın eskizini prezidentə göstərəndə onda kağız üzərində işləmişdim. Onu xalça üzərində toxuduqdan sonra çox bəyəndi. Həmin əsər də hazırda Heydər Əliyev Fondunun daimi eksponatıdır. Buna görə də fəxr edirəm ki, əsərim oradadır.
- Bir çox rəssamlar daha çox kətan üzərində işləməyə üstünlük verir. Xalça yoxsa kətan üzərində işləmək çətindir?
- Təbii ki, xalçada işləmək daha çətindir. Çünki kətanda səhv edəndə silib təzədən işləmək olur. Ancaq ilmədə altı mis sıxlığıdır. Onu oradan çıxartmaq olmaz.
- Bu günə qədər neçə əsər yaratmısınız?
- Bəlkə də 100-dən çox əsərim var. Zamanında müəllim işləmişəm. Lakin indi sırf sənətimlə məşğulam. Yaşımın elə vaxtındayam ki, özümdən sonra nəsə iz qoymalıyam. Hal-hazırda yeni inşa edilən Xalça muzeyi üçün təzə əsər işləyirəm. Onu da prezidentimizə hədiyyə edəcəyəm. Həmin əsərdə Azərbaycanın 9 iqlimi var.
- Müəllifi olduğunuz əsərləri xatirə olsun deyə saxlamısınız, yoxsa satdıqlarınız da var?
- Elə əsərlər var ki, çəkmişəm və satmışam. Ancaq elə əsərlərim də olub ki, Heydər Əliyev Fonduna hədiyyə etmişəm. Baxır dövrə, zamana və məkana... Bəzi əsərlərimi satmışam, bəzilərini də hədiyyə etmişəm.
- Bir əsər təxminən neçəyə başa gəlir?
- Onu deyə bilərəm ki, baha başa gəlir. Çünki onun sapı xüsusi olmalıdır. Həmin saplar da təbii otlarla rənglənməlidir. Qiymət məsələsini deməyəcəm, qoy sirr qalsın.
- İndiki dövrdə bu sahəyə maraq hansı səviyyədədir?
- Xalça muzeyinin tikilməsi, prezidentimizin, Mehriban xanımın diqqəti ilə tətbiqi incəsənətə maraq artıb. İndi rəssamlığı da internetə salıblar. Bu sahədə insanın ruhu, əlinin istiliyi, soyuqluğu olmalıdır. Xalçaçılığın tarixi yoxdur. Rəssamlıq Bakı şəhərində çox inkişaf edib. Bir çox tanınmış rəssamlarımızın Bakıdan olması da bunun bariz nümunəsidir.
- Əsərləriniz Azərbaycanda sərgilənib. Bəs beynəlxalq səviyyədə necə?
- Sovet dövründə bir çox sərgilərdə iştirak etmişəm. Bir əsərim "Nikolay Tixov" SSRİ Yazıçılar ittifaqındadır. Teatr muzeyində də "Hüseyn Cavid" əsərim var. O zaman onu işləmək mümkün deyildi. Nəriman Nərimanovun portreti Qobustan jurnalında çıxıb. 1970-ci ildə ağac üzərində mozaika formasında rəngli ağaclar işləmişəm. Özümə hər zaman borc bilmişəm ki, Heydər Əliyev dühasını işləyim. 20-ci əsrdə, dünya siyasətində Heydər Əliyev böyük bir məktəb qoydu.
- Əsərləriniz arasında seçim edirsinizmi?
- Emalatxanaya ilk dəfə gəncliyimdə qızla görüşə gedən kimi gedirəm. Elə olmasa əsər işləmək olmaz. Sənəti sevmək lazımdır. Misal olaraq, Heydər Əliyevin işlətdiyi kəlam- "Mən fəxr edirəm ki, azərbaycanlıyam" əsərini işləyəndə beynimdə bir çox suallar yaranır. Görəsən ulu öndər burada nə demək istəyib? Bir rəssam kimi düşünürəm ki, Heydər Əliyev dühasını xalçada toxuya biləcəm? Əsərin üzərində 6 aydır işləyirəm və tam alınması üçün bütün azərbaycanlılığını ona vermək lazımdır.
- Bu əsəri nə vaxta bitirməyi nəzərdə tutursunuz?
- İnşallah, Heydər Əliyevin doğum gününə kimi bitirib təhvil verməyi düşünürəm.
- Həvəskar olub bu sənətə gələn, lakin sonra bu sənəti davam etdirməyən gənc rəssamlara məsləhətiniz?
- Ən əsas səbirli və dözümlü olsunlar. Pul xatirinə bu işi görməsinlər, yəni sənəti ucuz tutmasınlar. Sənət ancaq əsərdə qalır. Əsərlərin ömrü rəssamlardan çox yaşayır. Əsərlər var ki, 300- 500 il ömür sürür. Sənətin öz dünyası, məhəbbəti var. Sənətin harada yaranması deyil, əsərin necə olması maraqlıdır.
Sonda isə xalçaçı rəssamın əl işlərini təqdim edirik:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB