Konfrans başladı

Bu gün Mədəniyyət və Turizm Nazirliyi, Dünya Turizm Təşkilatı (DTT) və Azərbaycan Turizm Assosiasiyası tərəfindən "İpək Yolunun tamı: Kulinariya, mədəniyyət və turizm" mövzusunda beynəlxalq konfrans keçirilib. SİA-nın məlumatına görə, konfrans qədim İpək Yolu üzərində yerləşən ölkələrin tarixi keçmişi və müasir inkişafından bəhs edən video çarxın təqdimatı ilə başlayıb.

Konfransda ilk olaraq çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycan DTT-nin İpək Yolu Proqramının üzvüdür: "Əsrlər boyu tarixi İpək Yolu Şərq və Qərb arasında mədəniyyət, ideya, texnologiya və insan mübadiləsində mühüm rol oynayıb. 28 ölkənin üzv olduğu İpək Yolu Proqramının məqsədi İpək Yolu boyunca turizmi davamlı inkişaf etdirməkdir".

Nazir onu da vurğulayıb ki, konfrans İpək Yolu regionunun qida, kulinariya və mədəni turizm potensialının diqqət mərkəzinə çevrilməsinə imkan yaradacaq. Konfrans iştirakçıları kulinariya turizmi ilə yaxından tanış olaraq, İpək Yolu ölkələrinin kulinariya təcrübəsinə dair fikir mübadiləsi aparmaq imkanı qazanacaqlar.

İpək Yolu ölkələrinin kulinariya təcrübəsinə dair fikir mübadiləsinin aparıldığı konfransda "Qida və turizm: qlobal meyllər və imkanlar", "İpək Yolunun kulinariya məkanlarının aparıcı şəbəkəsi kimi qurulması" və "İnkişaf üçün qida" mövzularında sessiyalar, "İpək Yolu qlobal səyahət mediasında" və "Rəqəmsal dövr: sosial media və səyahət" adlı "dəyirmi masa"lar təşkil olunacaq.

Tədbir çərçivəsində həm də Azərbaycan, Türkiyə, İtaliya və İspaniya mətbəxlərinin təqdimatı və ustad dərsləri təşkil olunacaq, Azərbaycanın və Gürcüstanın istehsalı olan şərabların dequstasiyası keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə