Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi mövsümün ilk beynəlxalq festivalında iştirak etmək üçün Belarusa yola düşür. SİA-nın məlumatına görə, teatrın direktoru, əməkdar artist Mübariz Həmidovun rəhbərliyi ilə 10 nəfərlik nümayəndə heyəti sentyabrın 6-dan 12-dək səfərdə olacaq.
Belarusun Brest şəhərində keçiriləcək ənənəvi XVII "Belaya Veja – 2012. Klassika Plus" ("Ağ qala") festivalı sentyabrın 7-dən 14-dək davam edəcək. Hər il keçirilən ənənəvi "Belaya Veja" ("Ağ qala") teatr festivalında kollektiv İtalyan aktyoru və dramaturqu Peppino De Filipponun "Don Rafael trombonçu" tamaşası ilə çıxış edəcək. Quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova olan tamaşada rolları əməkdar artistlər Gülər Nəbiyeva, Şövqi Hüseynov, Seyidşah Məmmədov, aktyorlar İradə Rəşidova, Aydın Dəmirov, Vüsal Mehrəliyev, Eşqin Quliyev ifa edəcəklər.
Dünyanın 11 ölkəsindən 26 kollektiv ən yaxşı klassik əsərləri ənənəvi və yeni interpretasiyalarda təqdim edəcək. Festivalda Azərbaycan, Belarus, İsrail, Moldova, Rusiya, Ukrayna, Estoniya və Yaponiyanın, dünyanın digər ölkələrinin dram, kukla, poeziya, meydan, musiqili teatrları iştirak edəcəklər. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı artıq üçüncü dəfədir ki, sözügedən festivala dəvətlidir.
Brestlilərə və şəhərin qonaqlarına Azərbaycan, Belarus, rus, polyak, Ukrayna dillərində və başqa dillərdə (rus dilinə tərcümə ilə) tamaşalar təqdim olunacaq. Festival həftəsi sentyabrın 7-də M.Qorki adına Milli Akademik Dram Teatrının "Ağıldan bəla" tamaşası ilə açılacaq.
Məlumat üçün bildirək ki, festivalın təşkilatçıları Brest Vilayət İcra Komitəsi, Belarus Mədəniyyət Nazirliyi və Brest Akademik Dram Teatrıdır.
Qeyd edək ki, festival Brestdə 1996-cı ildən keçirilir. Onun məqsədi müxtəlif ölkələrin klassik səhnə ənənələrini inkişaf etdirən və müasir teatr ifadə vasitələri axtarıb tapmağa çalışan milli teatrlarının sənətini nümayiş etdirməkdir. Adlı-sanlı rejissorlar və aktyorlar, musiqiçilər və rəssamlar, habelə gənc istedadlar üçün Brest festivalı öz ən yaxşı əsərlərini teatr xadimlərinin və tamaşaçıların mühakiməsinə təqdim etmək üçün gözəl imkandır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB