Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 85-ci teatr mövsümünə start verib. Teatrdan SİA-ya verilən məlumata görə, bu münasibətlə keçirilən toplantıda Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev çıxış edib.
Nazir müavini çıxışında bildirib ki, Gənc Tamaşaçılar Teatrının Azərbaycan teatrının inkişafında özünəməxsus yeri var: "Teatr tariximizə görkəmli korifeylərin adlarını yazan bu mədəniyyət müəssisəsi yarandığı gündən repertuar siyasəti, səhnələşdirdiyi əsərləri ilə maraq doğurub, fərqliliyini qoruyub saxlaya bilib".
2012-ci ilin sentyabr-dekabr aylarında ölkəmizin ev sahibliyi edəcəyi beynəlxalq tədbirlər haqqında ətraflı məlumat verən nazir müavini noyabrın 5-7-də baş tutacaq Azərbaycanda II Beynəlxalq Teatr Konfransının önəmini xüsusilə diqqətə çatdırıb.
Daha sonra nazir müavini ölkə başçısının müvafiq fərmanına uyğun olaraq yaş senzi ilə bağlı qərara aydınlıq gətirib. Ömrünü teatr sənətinə həsr edən və bu yolda əhəmiyyətli uğurlara imza atan teatrın baş rejissoru, Xalq Artisti Cənnət Səlimovanın yaş senzi ilə əlaqədar Əməkdar İncəsənət xadimi Bəhram Osmanovla əvəz olunduğunu diqqətə çatdırıb. Ə.Vəliyev C.Səlimovanı teatr sənətindəki uzun illik fəaliyyətinə görə Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı, pul mükafatı, gül dəstəsi ilə mükafatlandırıb. Xalq artisti bundan sonra da öz fəaliyyətini quruluşçu rejissor kimi davam etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB