Azərbaycanlı vokalçı Ramil Qasımovun Almaniyada yeni albomu işıq üzü görüb. SİA-nın xəbərinə görə, albomda Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Cahangir Cahangirov, Hacı Xanməmmədov kimi Azərbaycanın görkəmli bəstəkarlarının musiqiləri yer alıb.
Azərbaycan Teleradiosunun musiqi kollektivlərinin bədii rəhbəri, tanınmış vokalçı Ramil Qasımovun Almaniyada yeni CD albomu işıq üzü görüb. "Azərbaycanım" adı altında milyonlarla dinləyicinin ixtiyarına verilən bu albomda Ramil Qasımovun ifasında Azərbaycanın dünya şöhrətli bəstəkarların əsərləri yer alıb. Albom Müslüm Maqomayevin "Azərbaycan" mahnısı ilə açılır. Eyni zamanda bu topluda "Sənsiz", "Sevgili canan" (Üzeyir Hacıbəyli, Nizami Gəncəvi), "Azərbaycan" (Müslüm Maqomayev), "Vətən qədər ucalar" (Şəfiqə Axundova, Bəxtiyar Vahabzadə), "Sahilə gəl" (Vasif Adıgövəlov, Mikayıl Müşfiq), "Sevgilim" (Tofiq Quliyev, Zeynal Cabbarzadə), "Həsrət nəğməsi" (Eldar Mansurov, İsmayıl Dadaşov), "Lay-lay" (Cahangir Cahangirov, İslam Səfərli), "Qurban olduğum" (Hacı Xanməmmədov, Mikayıl Müşfiq), "Koroğlunun ariyası" (Üzeyir Hacıbəyli), "İlhamlı günləri Azərbaycanın" (Azad Zahid, Abdulla Qurbani), "My way" (Frenk Sinatra) və digər sevilən musiqilər yer alıb.
Ramil Qasımov bildirib ki, bu diskin Azərbaycanla yanaşı, Almaniyada da satışı olacaq: "Müasir Azərbaycanımız günü-gündən inkişaf edir. Hər bir azərbaycanlı üzərinə düşən vəzifə borcunu bacarığı müqabilində həyata keçirir. Şübhəsiz ki, bu mənim ilk albomum deyil, ilk albomum vətənpərvərlik mövzusunda olub. Hər zaman çalışıram ki, hər bir CD albom tematik olaraq maraqlı olsun. Mən bu albomun adını yalnız hər gün inkişaf edən Azərbaycana həsr etdim və adını yalnız "Azərbaycanım" qoya bilərdim. Azərbaycanın adı və Azərbaycançılıq mənim üçün hər şeydən önəmlidir. Bundan sonrakı yaradıcılıq fəaliyyətimdə də Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafı yolunda əlimdən gələni əsirgəməyəcəyəm". Adına uyğun hazırlanan diskin üzərində ənənə və müasirliyi özündə birləşdirən paytaxt Bakının göz oxşayan fotosu göstərilib.
Onu da öyrəndik ki, vokalçı növbəti iki albom üzərində işlədiyini də açıqlayıb. R.Qasımovun hazırda üzərində işlədiyi növbəti disk sentyabrın 18-də, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olduğu gün işıq üzü görəcək: "Bu disk Azərbaycan klassik musiqisinin banisi dahi Üzeyir Hacıbəylinin əsərlərindən ibarət olacaq. Albomda Üzeyir bəyin "Arşın mal alan" operettasından tutmuş, "O olmasın, bu olsun", "Koroğlu" operasından parçalar, görkəmli bəstəkarımızın vətənpərvərlik mövzusunda olan parçaları yer alacaq. CD albomda da "Arşın mal alan" operettasında Əsgərin ariyası üç versiyada – Xal Çalğı Alətlərinin Orkestri, Simfonik Orkestr, həm də Estrada –Simfonik Orkestrin müşayiəti ilə olacaq". "Azərbaycan milli romansları" adlı hazırlanan növbəti CD albom da isə Oqtay Zülfüqarov, Ramiz Mustafayev, Rəşid Şəfəq, Ceyhun Allahverdiyevin Məhəmməd Füzuli, Nizami Gəncəvinin sözlərinə yazılmış əsərlər, romanslar öz əksini tapacaq.
Daha bir yeniliyi bölüşən Musiqi kollektivlərinin bədii rəhbəri deyib ki, Üzeyir Hacıbəylinin anadan olmasının 127 illiyi ilə əlaqədar olaraq musiqi kollektivlərinin ifasında Üzeyir bəy və Müslüm Maqomayevin əsərlərindən ibarət böyük bir tele-konsert proqramına hazırlanılır. Eyni zamanda gənclərlə birgə "Arşın mal alan" operettasının radio versiyası da hazırlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB