"Bir dünya istəyirəm..."

Millət vəkili Qənirə Paşayevanın rəhəbrlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə avqustun 27-də Rəşid Behbutov adına Mahnı Teatrında Respublikanın əməkdar artisti Tünzalə Ağayevanın "Bir dünya istəyirəm" adlı xeyriyyə konserti keçirilib. SİA-nın məlumatına görə, konsert islam dinindəki mənəvi həyatı və əxlaqi dəyərləri özündə cəm edən təsəvvüf musiqisindən ibarət idi. Konsertdə millət vəkili Qənirə Paşayeva, millət vəkili, Qızıl Aypara Cəmiyyətinin Prezidenti Novruz Aslan, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, millət vəkilləri Gülər Əhmədova, Kamilə Əliyeva, ictimai xadimlər, KİV nümayəndələri, QHT təmsilçiləri və tanınmış sənət adamları iştirak edib.

Tədbirə açılışı millət vəkili, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB rəhbəri Qənirə Paşayeva etdi. Millət vəkili ilk növbədə gələn qonaqlara xeyriyyə konsertinin məqsəd və məramı haqqında məlumat verib: "Bu gün bu konsertin keçirilməsində əsas məqsəd Güney Azərbaycanda baş vermiş zəlzələdən zərər çəkmiş bacı-qardaşlarımız üçün insanları yardıma çağırmaqdan və səsləməkdən ibarətdir. Əslində biz bu gün onlara dəstək olduqca hər an yanlarında olduğumuzu, həm də birliyimizi də göstərmək istəyirik. Mən burdan hər kəsi onlara dəstək olmağa və yardım etməyə səsləyirəm".

Millət vəkili onu da bildirib ki, onun sözlərinə yazılmış musiqilərdən ibarət disklər, eləcə də indiyə qədər işıq üzü görən kitabların satışından əldə olunan gəlir, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə İranda zəlzələdən zərərçəkən soydaşlarımıza göndəriləcək.

Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanı bu cür tədbirləri dəstəklədiklərini vurğuladı. Millət vəkili Güney Azərbaycanda baş verən zəlzələdən əziyyət çəkənlərə yardım məqsədiylə bank hesablarına köçürüləcək pulun hər qəpiyinin soydaşlarmıza göndəriləcəyini, bunun üçün heç bir faiz tutulmayacağını xüsusilə diqqətə çatdırıb.

Daha sonra Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu və digər qonaqlar xeyriyyə konserti haqqında öz fikirlərini və ürək sözlərini səsləndirdilər. Konsert zamanı tamaşaçılara Qızıl Aypara Cəmiyyətinin hesab nömrələrini təqdim olunub.

Millət vəkillərindən sonra səhnəyə çıxan Tünzalə Ağayeva 1 saatdan çox vaxt ərzində fasiləsiz canlı ifasıyla tamaşaçıların marağına səbəb oldu. O, klassik şairlərin şerlərinə bəstələnmiş mahnıları səsləndirdi.

Müğənninin çıxışı zamanı maraqlı məqamlardan biri Milli Qəhrəman Mübariz İbrahimovu yad etməsi oldu. Belə ki, müğənni millət vəkili Qənirə Paşayevanın sözlərinə bəstələdiyi "Şəhidim" mahnısını ifa etdiyi zaman aktyor Vüsal Murtuzəliyev də onun valideynlərinə yazdığı məktubu səsləndirdi. Bu dramatik səhnəcik tamaşaçıların maraqla izlədiyi və konsertin ən yaddaqalan məqamlarından oldu.

Tədbirin sonunda əməkdar artist Tünzalə Ağayeva millət vəkili Qənirə Paşayevanın sözlərinə yazdığı "Bir dünya istəyirəm..." əsərinin də təqdimatını etdi. "Bir dünya istəyirəm" əsəri bir çağırış nidası kimi səslənib və hər kəsi bir olmağa, birlik yaratmağa çağırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə