"İpək Yolunun tamı: Kulinariya, Mədəniyyət və Turizm"

"İpək Yolunun tamı: Kulinariya, Mədəniyyət və Turizm"

6-7 sentyabr 2012-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Ümumdünya Turizm Təşkilatı (BMÜTT) və Azərbaycan Turizm Assosiasiyası tərəfindən "İpək Yolunun tamı: Kulinariya, Mədəniyyət və Turizm" adlı beynəlxalq konfrans keçiriləcək. SİA-nın xəbərinə görə, konfransda BMÜTT-nin baş katibi cənab Taleb Rifai, BMÜTT-nin məruzəçiləri, ekspertləri, BMÜTT üzv dövlətlərinin milli turizm təşkilatlarının yüksək vəzifəli şəxsləri, həmçinin yerli və xarici hökumət və qeyri-hökumət təşkilatlarının və dünyanın aparıcı KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Konfransın açılışı 6 sentyabr 2012-ci il tarixində "Jumeirah Bilgah Beach Hotel"ində keçiriləcək.

Azərbaycan Respublikası BMÜTT -nin "İpək Yolu Proqramının" üzvüdür. Əsirlər boyu tarixi İpək Yolu Şərq və Qərb arasında mədəniyyət, ideya, texnologiya və insan mübadiləsində mühüm rol oynayıb. 28 ölkənin üzv olduğu İpək Yolu Proqramının məqsədi birgə səylərlə İpək Yolu boyunca turizmi davamlı inkişaf etdirməkdən ibarətdir. Konfrans iştirakçıları İpək Yolu ölkələrinin kulinariya təcrübəsinə dair fikir mübadiləsi aparacaqlar.

Tədbirin ilk günü "Qida və Turizm: Qlobal meyllər və imkanlar", "İpək Yolunun Kulinariya məkanlarının aparıcı şəbəkəsi kimi qurulması" və "İnkişaf üçün qida" mövzularında sessiyalar təşkil ediləcək.

Tədbirin ikinci günü "İpək Yolu qlobal səyahət mediasında" və "Rəqəmsal dövr: Sosial media və səyahət" mövzularında dəyirmi masalar keçiriləcək.

Həmçinin tədbir çərçivəsində Azərbaycan, Türkiyə, İtaliya və İspaniya mətbəxlərinin təqdimatı və master - klaslar təşkil olunacaq, Azərbaycan və Gürcüstan istehsalı olan şərabların dequstasiyası keçiriləcək.

Qeyd edək ki, tədbir çərçivəsində iştirak edəcək dünyanın aparıcı KİV nümayəndələrinin Azərbaycanın regionlarına press-turu təşkil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə