Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün bina inşa olunur. SİA-nın xəbərinə görə, inşa olunan yeni binanın ümumi sahəsi 18 min 446 kvadratmetrdir. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyi və UNESCO-nun birgə layihəsi əsasında inşa olunan yeni bina memarlıq üslubuna və qeyri-adi formasına görə tamamilə fərqlənir. Binanın zəmin qatında müasir avadanlıqla təchiz olunmuş arxiv, anbar, laboratoriya, bərpa və konservasiya şöbələri fəaliyyət göstərəcək. Binanın birinci mərtəbəsində inzibati və elmi zona, ikinci mərtəbədə kitabxana, xalça toxuma və tikmə elmi mərkəzi, üçüncü mərtəbədə danışıqlar və audio-vizual təqdimat otaqları yaradılacaq. Dördüncü mərtəbə isə sərgi salonları və görüş otaqları üçün nəzərdə tutulub. Burada, həmçinin açıq havada heykəl və xalçaların nümayişi üçün sahə də salınıb.
Muzeydə cəvahirat və qiymətli bəzək əşyalarının sərgisi üçün seyf tipli otaqlar da olacaq. Binanın uzunluğu 122 metrə yaxın, eni 22,3, hündürlüyü isə 18,5 metrdir.
Artıq binanın çöl hissəsində işlər demək olar ki, başa çatıb. Binanın içərisində isə yeni avadanlığın quraşdırılması və işıqlandırma həyata keçiriləcək.
Muzey Azərbaycana xarici turistlərin cəlb edilməsində də əhəmiyyətli rol oynayacaq. Burada turistlər qanuna müvafiq qaydada üzü köçürülmüş qədim Azərbaycan xalçalarını almaq imkanına malik olacaqlar.
Cari ilin sonunadək ziyarətçilərin ixtiyarına verilməsi nəzərdə tutulan Avropa və Şərq memarlıq nümunələrinin sintezindən yaranmış yeni muzey ölkəmizin zəngin mədəni irsinin dünyaya çatdırılmasında əvəzsiz rol oynayacaq.
Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti muzeyi 1967-ci ildən fəaliyyət göstərir.
Muzeydə beş minə qədər xalça saxlanılır. Buradakı nadir xalça nümunələri əsasən Quba, Şirvan, Qarabağ, Təbriz, Qazax, Gəncə xalçalarıdır.
Muzeydə çoxlu miqdarda xalq tətbiqi sənəti nümunələri də var. Buradakı bədii tikmələr, bəzək əşyaları, diqqəti cəlb edir. Bununla bərabər muzeydəki metal əşyaları: dolça, məcməyi, qazan, sərinc, satıl və digər nadir eksponatlardan hesab olunan zərgərlik əşyaları da çox maraqlıdır.
Qeyd edək ki, muzeyin xarici əlaqələri də çox genişdir. Belə ki, o, İngiltərə, Fransa, Almaniya, Avstriya, ABŞ, Yaponiya, Hindistan, Macarıstan və başqa ölkələrin muzeylərində öz sərgilərini təşkil edir. Muzey il ərzində iki-üç dəfə sərgilər keçirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB