Müslüm Maqomayevin doğum günüdür

Dünya şöhrətli, əfsanəvi səsə malik və keçmiş SSRİ xalq artisti Müslüm Maqamayevin bu gün doğum günüdür. SİA-nın xəbərinə görə, Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. 19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb.

1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun, "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb.

1966-cı ildə Parisin "Olimpiya" konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib, bir il sonra Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb.

1975-ci ildə "Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri"nin bədii rəhbəri təyin edilib. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib. 1970-ci illərdən həyatını estrada ilə bağlayıb və görünməmiş populyarlıq qazanıb.

Maqomayev "Seviliya bərbəri" operasında möhtəşəm çıxışı ilə milyonlarla tamaşaçının rəğbətini qazanıb. Bununla bərabər, Maqomayev "Nizami" filmində baş rolda çəkilib, Eldar Quliyevin filminə, Qleb Drozdovun tamaşasına musiqi bəstələyib. Maestronun repertuarında 600-dən çox əsər olub.

Müslüm Maqomayev SSRİ Qırmızı Əmək Bayrağı və Xalqlar Dostluğu ordenləri ilə təltif edilib, SSRİ-nin xalq artisti adını alıb. Günəş sistemində kiçik bir planetə sənətkarın adı verilib.

Qeyd edək ki, Müslüm Maqomayev 2008-ci ilin oktyabr ayında, ömrünün 67-ci ilində vəfat edib. Müğənni öz doğma şəhəri Bakıda Fəxri Xiyabanda dəfn edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...