Yaponiyanın iqtisadi dairələrində geniş tanınmış "Nikkey" jurnalında Naxçıvandakı "Duzdağ" fizioterapevtik mərkəzi haqqında "Duzdağ mağarasında istirahət" adlı məqalə dərc olunub. SİA-nın xəbərinə görə, müəllif "İşii Qardaşları" şirkətinin prezidenti, doktor İşii İtaru məqalədə əvvəlcə Azərbaycan, onun yerləşdiyi coğrafi məkan barədə yapon oxuculara ətraflı məlumat verib. Azərbaycanın paytaxtı, "küləklər şəhəri" Bakı haqqında danışan müəllif onun özünəməxsusluğunu vurğulayıb. Qədim Azərbaycan torpağı olan Naxçıvana səfəri, buradakı möcüzəvi müalicə qabiliyyətinə malik "Duzdağ" fizioterapevtik mərkəzi haqqında ətraflı söz açaraq, buradakı təbii şəraitin yuxarı tənəffüs yollarının, xüsusən astma xəstəliyinə böyük əhəmiyyət kəsb etdiyini deyib. Daha sonra məqalədə deyilir ki, mərkəzin yaxınlığında inşa edilmiş beşulduzlu mehmanxanada dünyanın müxtəlif ölkələrindən buraya üz tutanların rahat yaşaması üçün yüksək şərait yaradılıb.

İ.İtaru mərkəzdəki müalicənin şəxsən ona necə təsir etməsi haqqında yazır: "Qış vaxtı gəldiyim üçün, mağarada temperatur yuxarı olsa belə, üşüyürdüm. Müalicənin təsiri mağarada keçirdiyim ilk gecədən sonra özünü göstərdi. Duz ionları ilə zəngin olan hava nəfəs yollarıma güclü təsir edirdi. Yuxudan oyandığım zaman, təkcə nəfəsim deyil, bütün bədənim canlanmışdı. Mağaranın içindəki qonaq otağında bitki mənşəli çay içdikdən sonra baş binaya qayıtdım".

Qeyd edək ki, "Duzdağ" fizioterapevtik mərkəzdəki müalicədən məmnunluqla danışan müəllif yapon oxuculara Azərbaycan mətbəxi haqqında da ətraflı məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə