"Qısa İslam Ensiklopediyası: İslama dair 1001 termin və xüsusi ad" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, təqdimat mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (DƏ-İKGF ARM) rəhbəri Elçin Əsgərov, Azərbaycan Respublikası Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru Natiq Rəhimov və digər qonaqlar çıxış edib.
Tədbirdə söz alan layihənin ümumi rəhbəri olmuş Elçin Əsgərov ensiklopediyanı təqdim edərək, onun zərurəti və əhəmiyyəti barədə məlumat verib: "Azərbaycan Dini Araşdırmalar Mərkəzinin təşəbbüsü, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq Azərbaycan dilində yerli alimlərin müəllifliyi ilə hazırlanmış "Qısa İslam Ensiklopediyası: İslama dair 1001 termin və xüsusi ad" adlı üçcildlik ensiklopediyanın 1-ci cildi işıq üzü görüb. Ensiklopediya İslam Konfransı Gənclər Forumunun sifarişi və dəstəyi ilə Dini Araşdımalar Mərkəzi tərəfindən 2011-ci ildə hazırlanıb. Bu il ilk cildi nəşr edilib".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov çıxışında sözügedən layihənin əhəmiyyətli olduğunu dilə gətirib: "İslam haqqında Azərbaycanda da yerli müəlliflər tərəfındən kitablar yazmaq lazımdır".
Daha sonra tədbirdə söz alan millət vəkili Qənirə Paşayeva ensiklopediyanın əhəmiyyətindən danışaraq bu cür tədbirlərin davam etdirilməsinin mühüm olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, Ensiklopediya ilkin olaraq 2 cilddə hazırlanıb. 1-ci cilddə yalnız İslama aid əsas terminlər, 2-ci cildə isə ilk səhabələrin adları və İslam tarixinə aid digər xüsusi adlar daxil edilib. Sonradan ensiklopediyaya 3-cü cild əlavə edilib ki, burada İslam tarixində mövcud olmuş cərəyanlar, fikir məktəbləri, səhabələrdən sonrakı dövrlərdə yaşamış böyük alimlər haqqında məlumat verilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB