"Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən ənənəvi Qəbələ Beynəlxalq Musiqi Festivalı Azərbaycan və dünya musiqisinin, mədəni dəyərlərin təbliği və qorunub saxlanılması baxımından uğurlu bir layihədir. Qəbələ festivalı çox az sayda olan musiqi tədbirlərindəndir ki, orada V.A Motsartın, C.Puççininin, P.Çaykovskinin, D.Şostakoviçin, İ.S.Baxın, C.Verdinin, J.Bizenin, L.V.Bethovenin, Ü.Hacıbəylinin, Q.Qarayevin əsərləri həm kamera musiqisi zalında, həm də açıq səma altında, qeyri-adi səhnədə, təbii akustikada və uca dağların, sıx meşələrin qoynunda səslənir. Festivalın davam etdiyi günlərdə Qəbələni əhatə edən dağların səssizliyini musiqi ritmləri pozur, dünya musiqisi incilərinin səsləndiyi məkanda yerli və xarici qonaqlar canlı ifaları dinləməklə mənalı istirahət edirlər". SİA-nın verdiyi məlumata görə, bu sözləri festivalın bədii rəhbərlərindən biri, Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti, "Şöhrət" ordenli professor Fərhad Bədəlbəyli Qəbələ IV Beynəlxalq Musiqi Festivalının yekunları ilə bağlı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, tədbir hər keçən il daha da uğurla başa vurulur: "Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva müxtəlif musiqi janrlarının təbliği üçün bu beynəlxalq festivalın paytaxtdan kənarda, Azərbaycanın füsunkar guşələrindən biri olan Qəbələdə təşkil edilməsi təşəbbüsünü irəli sürməklə və bu mötəbər tədbirin ildən-ilə daha yüksək səviyyədə keçirilməsi üçün yaxından dəstək olub. Minlərlə insana klassik musiqini ecazkar təbiətin qoynunda canlı şəkildə dinləmək imkanı yaradıb. İki həftə davam edən Qəbələ IV Beynəlxalq Musiqi Festivalı Azərbaycan mədəniyyətini dünyaya təqdim etmək üçün növbəti ən yaxşı fürsət oldu və zənnimcə, biz bu istəyimizə çatdıq. Builki festivalın proqramını daha da zənginləşdirərək oraya Azərbaycan ilə bağlı bir neçə konsertlər də əlavə etdik. Xarici ölkələrdən gələn sənət dostlarım yerli tamaşaçıların savadlı olmasını, klassik musiqini dinləmək və qavramaq bacarığını yüksək qiymətləndirdilər. Bu, məni çox sevindirdi. Çünki maarifçilik məqsədi ilə keçirilən festivalın bu ilki tamaşaçıları ilə dörd il əvvəlkilərin klassik musiqiyə münasibətində böyük fərq yaranıb. Bu da mötəbər tədbirin uğuru deməkdir. Artıq Qəbələ əyaləti təmsil edən adi bir yaşayış məskənindən milli musiqi ilə klassik musiqinin, Şərq musiqisi ilə Qərb musiqisinin həmahənglik təşkil etdiyi mədəniyyət mərkəzinə çevrilməkdədir. Bu festival günlərində Qəbələ səhnəsində dahi Azərbaycan və dünya bəstəkarlarının əsərlərinin eyni şövqlə səsləndirilməsi, gənc ifaçılarla dünya şöhrətli musiqiçilərin eyni səhnəni bölüşmələri buna sübutdur. Bura klassik və kamera musiqisinin, muğamlarımızın ifasının yaratdığı xoş ovqatı da əlavə etmək olar. Bu festival bütün iştirakçılar, xüsusilə də gənc ifaçılar üçün həddindən artıq önəmli oldu".
Sonda festivalın bədii rəhbəri F.Bədəlbəyli onu da əlavə edib ki, Heydər Əliyev Fondunun yüksək təşkilatçılığı olmasaydı, bu tədbir heç vaxt belə uğurla yekunlaşmazdı. O, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya musiqiçilər və tamaşaçılar adından bir daha dərin təşəkkürünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB