Qədimliyi ilə gələnləri valeh edir

Qədimliyi ilə gələnləri valeh edir

Azərbaycan Prezidenti İlham Əliyevin "Şəkinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2011-ci il 12 sentyabr tarixli Sərəncamına uyğun olaraq, bu qədim şəhərin milli memarlıq üslubunun qorunub saxlanması şərti ilə müasirləşdirilməsi istiqamətində tədbirlər uğurla davam etdirilir. SİA-nın xəbərinə görə, sənəddə nəzərdə tutulan tədbirlər çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Şəki Şəhər İcra Hakimiyyətinin müvafiq nazirlik və dövlət qurumları ilə birgə razılaşdırılmış təklifləri əsasında hazırlanmış Şəki şəhərinin 2030-cu ilə qədərki dövrdə inkişafına dair baş planı layihəsinə uyğun olaraq hazırda şəhərdə genişmiqyaslı tikinti, təmir, abadlıq və yenidənqurma işləri həyata keçirilir.

Şəhərin Heydər Əliyev, Mirzə Fətəli Axundzadə prospektlərində, Məmməd Əmin Rəsulzadə, Salman Mümtaz və digər küçələrdə, Oğuz şosesi istiqamətində, habelə Teatr meydanında, park və xiyabanlarda bərpa və yenidənqurma işləri yüksək sürətlə və zövqlə davam etdirilir.

Prospekt və küçələrdə müasir işıqlandırma sistemi quraşdırılır, yollar genişləndirilir, səkilərə beton plitələr döşənir, qədim yaşayış binaları bərpa olunur. Küçələrin kənarında fərdi evlərin həyətlərinə açılan giriş qapıları milli memarlıq üslubuna uyğun taxta materialları ilə üzlənir, qapıların üzərində qırmızı kirəmitli dam örtüyü qoyulur.

Qeyd edək ki, həyata keçirilən bütün bu tədbirlər şəhər sakinlərinin, eləcə də qonaqların ürəyincədir. Qədim Şəki öz gözəlliyi ilə yenə də gələnləri valeh edir.

Bütün xəbərlər Facebook səhifəmizdə