12-13 əsrlərdə inşa olunan abidənin qalıqları tapılıb

12-13 əsrlərdə inşa olunan abidənin qalıqları tapılıb

Şirvan ərazisində minillik tarixi dövrü əhatə edən Şirvanşahlar dövlətinin mövcudluğu barədə qədim mənbələrdə xeyli məlumatlar var. Həmin dövlətin paytaxtı olaraq indiki Şamaxı şəhəri göstərilir. Tarixi 2500-3000 il əvvələ gedib çıxan və hələ 4-cü əsrdə Şirvanşahlar feodal dövlətinin əsas şəhəri olan Şamaxı ərazisində olan "Pir Mərdəkan Xanəgahı" və "Şahxəndan" günbəzi həmçinin "Buğurd" qalası, Kələxana türbələri, "Yeddigünbəz", Fərrux Yasarın qəbirüstü abidəsi kimi ölkə əhəmiyyətli tarix-mədəniyyət nümunələri mövcuddur.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı Arxeoloji Ekspedisiyasının rəhbəri Şirzad Əhmədovun SİA-ya verdiyi məlumata görə, şəhərdəki 1 saylı orta məktəbin ərazisində yeni tədris binası inşa edilərkən ağır texnikanın apardığı qazıntı işləri zamanı təsadüf nəticəsində yerin altından tarixi abidənin qalıqları üzə çıxıb: "Ərazidə aparılan arxeoloji tədqiqat işləri zamanı müəyyən edilib ki, həmin abidə məhz Şirvanşahlarının 12-13-cü əsrlərdə inşa etdirdiyi saraydır. Bu günədək 900 kvadratmetr ərazidə aparılan arxeoloji qazıntı işləri zamanı məişət və təsərrüfat qabları, sikkələr, su xətləri aşkar edilib. Torpağın altından aşkara çıxarılan və dəfələrlə dağıntıya məruz qalan sarayın divarlarının qalınlığı 2,5, hündürlüyü 4 metrdir".

Arxeoloq Şirzad Əhmədov sarayın 7-8 metrlik qalan hissəsinin isə müxtəlif illərdə zəlzələ və düşmən hücumu zamanı, eləcə də yerli insanlar tərəfindən dağıldığını bildirib. O, kəşfiyyat xarakterli qazıntıların nəticələrinə əsaslanaraq, sarayın daha 100 kvadratmetrlik bir hissəsinin şəhər 1 saylı məktəbin binasının altında qaldığını bildirib: " Yoxlamalar onu göstərir ki, məktəbin inşası zamanı sarayın divarları sökülüb, onun daşlarından material kimi istifadə edilib. Bundan əlavə, saraya daxil olan 13 içməli su xəttindən (tüng) 7-sini sökərək məktəbin tüstü borusunun inşasında istifadə ediblər".

Sonda Şirzad Əhmədov onu da vurğulayıb ki, 1192-ci ildə Şamaxıda baş verən güclü zəlzələ zamanı Beyləqanda səfərdə olan Şirvanşah I Axsitanın ailə üzvləri məhz bu sarayın dağılması nəticəsində məhv olublar.

Qeyd edək ki, hazırda Şamaxıda Şirvanşahlar dövründə inşa edilən məscidlər, körpülər, hamamlar, karvansaraylar, "Gündəyməz" müdafiə istehkamı, "Gülüstan", "Quşçu", "Başıbağlı" qalaları və digər tarixi abidələr, maddi mədəniyyət nümunələri mövcuddur.

Bütün xəbərlər Facebook səhifəmizdə