69-cu Venesiya Film Festivalının münsiflər heyəti məlum olub

69-cu Venesiya Film Festivalının münsiflər heyəti məlum olub

Avqustun 29-dan sentyabrın 8-ə kimi Lido adasında keçiriləcək 69-cu Venesiya Beynəlxalq Film Festivalının "Əsas Müsabiqə" bölümünün münsiflər heyəti açıqlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Əsas müsabiqə" bölümünün münsifləri: Samanta Morton – böyük britaniyalı aktrisa, Letitsiya Kasta – fransalı aktrisa, Piter Ho-Sun Çan – honkonqlu prodüser, Ari Folman – israilli rejissor, Matteo Qarrone – italiyalı rejissor, Ursula Meyer – isveçrəli rejissor və Pablo Tropero – argentinalı rejissordur.

Həmçinin bu heyətə ən qalmaqallı serb rəssamı Marina Abramoviç də daxildir. Bu maraqlı heyətin sədri isə Amerika kinorejissoru Maykl Mann ("Hərarət", "Conni D.") oldu. "Üfüqlər" adlı eksperimental filmlər bölümünün münsifi italiyalı aktyor Perfrançesko Favinodur. "Debüt" bölümünə isə hind əsilli Hollivud rejissoru Şekhar Kapur baş münsiflik edəcək. Yeri gəlmişkən, bu müsabiqənin münsifləri arasında da gözlənilməz sima var. Bu fransız musiqi prodüseri və dj-i Bob Sinklerdir.

69-cu Venesiya Film Festivalı çərçivəsində "Sənin filmin" adlı xüsusi müsabiqənin keçirilməsi də nəzərdə tutulub. Burada müsabiqənin 10 finalisti öz filmlərini nümayiş etdirəcək. Bu filmləri isə başda Ridli Skott olmaqla xüsusi münsiflər qiymətləndirəcək. Bu bölüm YouTube və Ridli Skott, Toni Skott qardaşlarının Scott Free Production şirkətləri tərəfindən təşkil olunub. Qalibi 500 min dollar mükafat və Scott Free Production şirkətində film çəkmək mükafatı gözləyir. Bu filmin prodüserləri arasında Maykl Fassbender də olacaq. O, festivalda da filmləri qiymətləndirənlərdən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə