Arif Qazıyev Muğam Teatrının direktoru vəzifəsindən çıxıb

Arif Qazıyev Muğam Teatrının direktoru vəzifəsindən çıxıb

Muğam Teatrının direktoru, tanınmış rejissor Arif Qazıyev vəzifəsindən azad olunub. Bu məlumatı rejissor özü SİA-ya verdiyi açıqlamasında da təsdiq edib. \"Mənim işdən çıxarılma xəbərim doğru deyil. Bəli, mən vəzifədən getmişəm, amma işdən çıxmamışam. Yaşımla əlaqədar vəzifə aparmaq iqtidarında deyiləm. 74 yaşım var və təqaüdə çıxmalı idim", - deyə o vurğulayıb.

A.Qazıyev onu da bildirib ki, o, yenə də öz yaradıcılığı ilə məşğuldur: "Sentyabrdan artıq prezident təqaüdü alacağam. Muğam Teatrını özüm yaratdığım üçün buranı heç vaxt tərk edib gedə bilmərəm. Təbii ki, bura yeni direktor təyin olunacaq və mən yenə də bədii rəhbər olaraq qalacağam".

Yeni direktorun kim olacağı məsələsinə isə rejissor belə cavab verib: "Özləri kimi məsləhət bilsələr o da yeni direktor vəzifəsinə təyin olunacaq".

Arif Qazıyev onu qeyd edib ki, yaş senzi ilə əlaqədar onunla yanaşı, bir çox tanınmış mədəniyyət və incəsənət xadimləri də vəzifələrindən azad olunublar. O, bu sırada Rauf Babayev ("Qaya" qrupunun bədii rəhbəri), Fərəh Şəkinskaya (Dövlət Uşaq Filarmoniyasının rəhbəri), Rauf Abdullayev (Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri) və Cənnət Səlimovanın (Gənc Tamaşaçılar Teatrının baş rejissoru) adını çəkib.

"Biz işdən çıxarılmamışıq, sadəcə təqaüd yaşımız gəlib çatıb. Buna baxmayaraq bundan sonra da öz sahəmizdə işimizi davam etdirəcəyik",- deyə A. Qazıyev əlavə edib.

Qeyd edək ki, adları çəkilən mədəniyyət xadimlərinin vəzifədən azad olmaları ilə bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müvafiq əmrlər imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə