“İşıq adamın nağılı” 5 ölkədə yayımlanacaq - FOTO

“İşıq adamın nağılı” 5 ölkədə yayımlanacaq - FOTO

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Azərbaycanın məşhur geoloqu, geologiya–minerologiya elmləri doktoru, əməkdar elm xadimi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, professor, akademik Şəfaət Mehdiyevə həsr edilən "İşıq adamın nağılı" kitabının təqdimatı keçirilib. "Azərbaycan neft sənayesini yaradanlar (Neftin dərinlik-biogen nəzəriyyəsinin müəllifi)" layihəsi çərçivəsində nəşr edilən kitabın layihə rəhbəri psixologiya elmləri üzrə fəlsəfə doktoru, dosent İlham Mirzəyevdir. Kitabın müəllifləri isə İlham Mirzəyev və Şərəf Cəlillidir.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə bildirib ki, 2010-cu ildə görkəmli alim, geologiya-minerologiya elmləri namizədi, akademik Şəfaət Mehdiyevin anadan olmasının 100 illiyi Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Sərəncamı əsasında respublika səviyyəsində təntənəli şəkildə qeyd olunub. Belə bir elm xadiminin fəaliyyətini əks etdirən "İşıq adamın nağılı" kitabı neft geologiyası elminin inkişafı sahəsində xidmətləri olan və zəngin pedoqoji fəaliyyəti ilə tanınan dünya şöhrətli alimə həsr olunub. Kitab neftin mənşəyinin, dərinlik biogen nəzəriyyəsinin banisi, neft və qaz geologiyası sahəsi üzrə akademik Şəfaət Mehdiyev məktəbinin işıqlı ömür yolundan bəhs edir.

O, bildirib ki, Azərbaycan tarixində iz salan hər bir alimin ölkənin inkişaf tarixində rolu var. 60 ildən artıq elmi fəaliyyəti olan Ş.Mehdiyevin elmin və təhsilin təşkilində, yüksək ixtisaslı coğrafiyaşünas kadrların yetişməsində böyük xidmətləri olub: "Neftin mənşəyinə, Azərbaycan geologiyası, tektonikası və neftli – qazlığına dair çoxsaylı monoqrafiyaların, xəritələrin, ali məktəblər üçün sanballı dərsliklərin müəllifidir. Böyük elmi məktəbin yaradıcısıdır. Onun elmi nailiyyətləri tədqiq olunaraq öyrənilir və elm sahəsindəki kəşfləri bu gün də aktuallığı ilə səciyyələnir".

A.Əlizadə onun elmi fəaliyyəti ilə yanaşı, şaxəli fəaliyyətinə də nəzər salaraq bildirdi ki, alim istedadlı şair, gözəl publisist, dramaturq kimi də tanımış və yaradıcılığı diqqətlə izlənilib. Belə yaradıcılıq imkanlarına malik alim eyni zamanda gözəl insani keyfiyyətlərin daşıyıcı olaraq yaddaşlarda iz salıb. A.Əlizadə kitabın böyük hadisəyə çevriləcəyini söylədi.

Təqdimat mərasimdə çıxış edən layihə rəhbəri İlham Mirzəyev dünyaşöhrətli akademik haqqında kitab yazmağın məsuliyyətini vurğulayaraq, Azərbaycan alimlərinin tanınmasında əsərlərin vacibliyini diqqətə çatdırıb. O, bildirib ki, Azərbaycanın dünyaya inteqrasiya etdiyi belə bir zamanda dövlətin inkişafında əməyi olan insanların fəaliyyətinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından bu layihə xüsusi əhəmiyyət kəsb edir. Belə bir layihənin gerçəkləşməsinin də məhz bu məqsəddən qaynaqlandığını vurğulayan İ.Mirzəyev bildirib ki, "İşıq adamın nağılı" onun görkəmli şəxsiyyətlərdən bəhs edən ilk layihəsinin təqdimatıdır: "8 layihənin reallaşmasını qarşıma məqsəd qoymuşam. Hər bir layihəm, məhz Azərbaycan elminə töhfələrini vermiş ziyalıların həyat və fəaliyyətini, elmi axtarışlarını, Azərbaycanın inkişafına həsr olunan ömrü canlandıracaq. İşıq üzü görəcək kitabların hər birinin altı dilə tərcümə ediləcəyi də nəzərdə tutulub. Bu kitabların dünyanın beş ölkəsində təqdimat mrasimləri təşkil olunacaq. Dünya ictimaiyyəti Azərbaycan elmi, onun yaradıcıları ilə bağlı dolğun məlumat almaq imkanına malik olacaq. Bu layihəni gerçəkləşdirmək üçün ilk olaraq akademik Ş.Mehdiyev haqqında kitab hazırlamaq qərarına gəldim və təqdim etdiyim əsər "İşıq adamın nağılı" kitabı dünyanın 6 dilinə tərcümə olunub".

Kitabın müəlliflərindən olan Şərəf Cəlilli Azərbaycanda belə alimlər nəslinin olmasından qürur duyduğunu bildirərək, bu diyarın Nəsimi, Füzuli, Nizami kimi dünya şöhrətli filosof alimlərin yetişdirdiyini bildirdi: "Bəşəri dəyərlərə töhfələrini vermiş Azərbaycan alimlərinin irsinin hər zaman tədqiqat obyekti olduğuna nəzər salaraq, bu gün Ş.Mehdiyevin elmi uğurlarının aktuallığını diqqətə çatdırdı. O, gözəl elm adamı olmaqla yanaşı, gözəl bir nasir kimi də tanınıb. Azərbaycan alimlərinin yetişməsində əməyi müstəsnadır".

Tədbirdə AMEA-nın müxbir üzvü Vasif Babazadə, AMEA-nın akademik-katibi Vaqif Fərzəliyev və başqaları çıxış edərək, Azərbaycan elminə töhfələrini vermiş ziyalının nailiyyətlərini qeyd etdilər.

Təqdimat mərasimində Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Seyidəhməd Arslan, Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov, Mərakeş Krallığının Azərbaycandakı səfiri Hassan Hami, Fransa səfirinin müşaviri, Azərbaycanın BMT-dəki səlahiyyətli nümayəndəsi Aqşin Mehdiyev və başqaları çıxış edərək Azərbaycan aliminin xidmətlərinə nəzər salıb, dünyada tanınan ziyalının elmi kəşflərinin tarixi əhəmiyyəti barədə fikir mübadiləsi apardılar. Tədbirdə Azərbaycan elminin dünyaya verdiyi töhfələrə nəzər salaraq müasir dövrümüzdə Azərbaycanda baş verən sıçrayışların dünya ölkələrinin diqqətində olması da dilə gətirilib. Qeyd olunub ki, Azərbaycan bu gün beynəlxalq festivalların, müsabiqələrin keçirildiyi məkana çevrilərək dünyanın nəzər nöqtəsindədir.

Akademik Arif Mehdiyev atası Şəfaət Mehdiyevin elmi fəaliyətinə göstərilən bu diqqətə görə layihənin müəllifi İ.Mirzəyevə, eləcə də tədbir iştirakçılarına minnətdarlığını bildirib. O, qeyd edib ki, layihə Azərbaycan elmi ictimaiyyətinin dünya miqyasında tanınmasında mahiyyət kəsb edir. Arif Mehdiyev İ.Mirzəyevin gerçəkləşdirəcəyi layihələrin silsilə olaraq davamının qürurlandırıcı hal oduğunu da diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə