Şahin Verdiyev: \"Azərbaycan musiqisini layiqincə nümayiş etdirmək niyyətindəyik\"- MÜSAHİBƏ (FOTO)
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-mədəni mərkəzinin Folklor üzrə Sənətşünası və "İçərişəhər" xalq çağlı alətləri ansamblının üzvü Şahin Verdiyevin SİA-ya müsahibəsi:
- İçərişəhərdə fəaliyyət göstərən "İçərişəhər" xalq çalğı alətləri ansamblının yaradılmasına səbəb nə oldu?
- Nəzərinizə çatdırım ki, uzun illər Filarmoniya bağının "Vahid Poeziya evi"nin müdiri vəzifəsində işləmişəm. Poeziya evi fəaliyyətini dayandırdıqdan sonra Səbayıl rayonunda fəaliyyət göstərən "Mədəniyyət evi"nin direktoru vəzifəsində çalışırdım. Həmin müddətdə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov məni İçərişəhərə bir musiqiçi kimi dəvət etdi. Onun dəvətini qəbul etdim və hazırda "İçərişəhər"də Elmi- mədəni mərkəzdə folklor üzrə sənətşünaslıq vəzifəsində çalışıram. Bildiyiniz kimi, İçərişəhərdə bir sıra mədəni kütləvi tədbirlər keçirilir. Bu il də adəti üzrə bir-birindən maraqlı və rəngarəng bayram tədbirləri keçirilib. Tədbirlər zamanı hər zaman kənardan musiqiçilər dəvət edib, onların fəaliyyətindən bəhrələnirdik. Zaman keçdikcə belə qərara gəldik ki, özümüz İçərişəhərin nəzdində daha yaxşı ansambl yaradaq və bu işi də mənə həvalə etdilər. 3 il bundan əvvəl Azərbaycanın tanınmış sənətçiləri ilə qərara gəldik ki, ansambl yaradaq. Ansamblı hamımızın qərarı ilə "İçərişəhər" xalq çalğı alətləri adlandırdıq. Bundan sonra kollektivimiz mütəmadi olaraq "Şirvanşahlar" sarayında bizim üçün ayrılan məkanda məşqlərə başladıq. Elə ilk təqdimatımız da 3 il bundan əvvəl İçərişəhərdə həyata keçirilən meydan tədbirlərində olub. Oradakı çıxışımız xalq tərəfindən çox gözəl qarşılandı. Bundan sonra ansamblın üzvlərini Azərbaycan televiziya məkanına dəvət etdilər. Bununla yanaşı, ansamblımızın solistləri ilə bir çox tanınmış sənətçilərimiz musiqi ifa ediblər. Eyni zamanda, Ağadadaş Ağayev, Elnur Zeynalov, Ehtiram Hüseynov, əməkdar artist və Dağıstanın xalq artisti Əbülfət Oğuz ansamblın müşayiətində ifa ediblər.
- Ansamblın fəaliyyəti haqda nə deyə bilərsiniz? Dinləyiciləriniz ən çox kimlər olur?
- Onu da qeyd edək ki, Azərbaycana gələn qonaqlar ilk olaraq İçərişəhəri gəzirlər. Onlar Azərbaycanın tarixi memarlıq abidələri ilə tanış olurlar. Hərdən elə olur ki, turistlər Şirvanşahlar sarayında gəzəndə həmin vaxt məşq günümüz olur. Saatlarla oturub bizə tamaşa edirlər. İçərişəhər rəhbərliyi ansambl üçün hətta dövlət hesabına milli geyimlər tikdirib. Bizim iki cür- həm klassik, həm də milli geyimlərimiz var. Tamaşaçılar qarşısında Azərbaycan musiqisini layiqincə nümayiş etdirmək üçün əlimizdən gələni etmək niyyətindəyik. Onu da qeyd edim ki, bu yaxınlarda ansamblımızın ifa etdikləri mahnılarının yer aldığı diskinin I nüsxəsi işıq üzü görüb. Həmin disklər İçərişəhərdə fəaliyyət göstərən qədimi dükanlarda bir neçə günə qurtardı.
- Ansambl 3 ilə yaxındır ki, fəaliyyət göstərir. Bu müddət ərzində hər hansı bir festivalda çıxış ediblər?
- Bu gün tək bizim ansambla, milli musiqimizə deyil, ümumiyyətlə Azərbaycanda incəsənətimizin bütün sahələrinə dövlət qayğısı var. Heç təsadüfi deyil ki, ölkəmizdə müxtəlif janrlarda müsabiqələr, festivallar keçirilir. Hazırda da Qəbələdə IV dəfədir ki, beynəlxalq musiqi festivalı keçirilir. Orada daha çox klassik musiqiyə yer verilir. "İçərişəhər" xalq çalğı alətləri ansamblı yarandığı 3 il ərzində tək İçərişəhərdə deyil, bir sıra bölgələrimizdə xeyriyyə konsertlərində çıxış edib.
- Ansamblın gələcək planları nədir? Hər hansı bir layihələr həyata keçirmək niyyəti varmı?
- Yay olmasına baxmayaraq qədim mahnılarımızı yeni formada, oranjemanda lentə köçürmək istəyirik. Əsas məqsədimiz istedadlı ifaçıları tapıb onların ifasını lentə yazaraq xalqa təqdim etməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB