ARDNŞ Azərbaycan rəssamlar üçün müsabiqə keçirir

ARDNŞ Azərbaycan rəssamlar üçün müsabiqə keçirir

"20 sentyabr-Neftçilərin günü" münasibəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "İncəsənət enerjisi - ART energy" mövzusunda rəngkarlıq müsabiqəsi elan edib.


SİA-nın məlumatına görə, müsabiqə Azərbaycan rəssamları tərəfindən ölkəmizin iqtisadi, mədəni və sosial inkişafının təsviri sənət əsərlərində ifadə edilməsi məqsədi daşıyır.


Müsabiqəyə təqdim olunan əsərlər yüksək bədii tələblərə cavab verməli, rəngkarlıq əsərləri vasitəsi ilə Azərbaycan Respublikasının təbiətini, tarixini, mədəniyyətini və iqtisadiyyatının inkişafını tərənnüm etməlidir. Müsabiqəyə təqdim olunacaq əsərlərə ARDNŞ-nin, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının nümayəndələrindən və tanınmış rəssamlardan ibarət Münsiflər Heyəti tərəfindən baxış keçiriləcək, qaliblər açıq səsvermə yolu ilə müəyyən ediləcək.


Səsvermənin nəticələri Münsiflər Heyətinin rəyi əsasında müəyyənləşdiriləcəkdir. Müsabiqənin ümumi mükafat fondu 18 min manat, I yer isə 1 mükafat - 6000 AZN təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə