Azərbaycanın gənc vokal ifaçısı Emin Eminzadə İspaniyanın Kataloniya vilayətinin Lloret de Mar şəhərində keçirilmiş \"Opus - 2012\" VIII Beynəlxalq mahnı müsabiqəsinin laureatı olub. SİA-nın məlumatına görə, 14-21 yaşlı yeniyetmə və gənclər arasında keçirilən və 17 dövlətin dəvət olunduğu müsabiqədə ilk dəfə olaraq Azərbaycan da təmsil olunub. Yarışmasında ölkəmizi təmsil edən Bakı şəhəri G.Şaroyev adına 35 saylı musiqi məktəbinin şagirdi Emin Eminzadə ona bəslənən ümidləri doğruldub. O, 42 solist ifaçı içərisində II yeri tutaraq müsabiqənin laureatı olub.
Tədbirə İspaniyanın müxtəlif şəhərlərindən Emin Eminzadəni dəstəkləmək üçün Lloret de Mar şəhərinə xeyli azərbaycanlı gəlib. Emin Eminzadənin ifasındakı görkəmli müğənni və bəstəkarımız Müslüm Maqomayevin \"Azərbaycan\" mahnısı bütün iştirakçıları heyran edib. Müsabiqədə I və III yerləri Gürcüstan və Polşa təmsilçiləri tutub.
Müsabiqədə I, II və III yerləri tutmuş qaliblərə Lloret de Mar şəhər meriyası və şəhərin Mədəniyyət və Turizm İdarəsi tərəfindən mötəbər tədbirin laureatı diplomu təqdim olunub.
Qeyd edək ki, yeniyetmə müğənni ilə birlikdə onun müəllimləri, xalq artistləri Fidan və Xuraman Qasımova bacıları da İspaniyaya getmişdilər. Görkəmli sənətkarlar müsabiqə ərzində Emin Eminzadəyə daima dəstək verib, onu ciddi şəkildə mötəbər tədbirə hazırlaşdırıblar. İspaniyada növbəti uğuruna imza atan istedadlı vokalçı artıq Çexiya və Qazaxıstanda keçiriləcək müsabiqələrə də dəvət alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB