"Özümü normal hiss edirəm. 8 ay idi ki, Türkiyədə müalicə olunurdum. Əvvəl Gömrük Xəstəxanasında müalicə aldım. Qaraciyərimdə problem var idi, sonra isə ağciyərimdə ağrılar başladı. O da düzələndən sonra bronxlarım pis hala düşdü. Ona görə burada əlac tapa bilməyib Türkiyəyə getdik". Bunu SİA-ya açıqlamasında Türkiyənin Amerikan Xəstəxanasında müalicə olunan Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, "Şöhrət" ordenli Yaşar Nuri bildirib.
"Türkiyədə mənə çox yaxşı baxırdılar. Hamı səhhətimlə çox maraqlanırdı. Cahangir, Əlixan, Teymur yanıma tez-tez gəlirdilər. Firəngiz gün ərzində dörd dəfə zəng edirdi. İlk əməliyyatdan sonra özümü qorumadım, düzdür, içmədim, amma siqaretdən vaz keçə bilmədim. İndi görək necə olacaq. Allahın işidir, amma istəyirəm xəstələnməyim, o da deyilənlərə riayət etsəm... Buna görə də soyuqdan, içkidən qorunmalı, siqaret çəkməməliyəm",- deyə xalq artisti əlavə edib.
Yaşar Nuri onu da qeyd edib ki, 8 ay uzanıqlı vəziyyətdə olduğu üçün ayaq üstə çox gəzə bilmir: "Orada çox uzanıqlı qaldığıma görə ayaqlarım sözümə baxmır. İnşallah hər şey yavaş- yavaş öz qaydasına düşəcək. Türkiyədə olanda hamı deyirdi ki, bir az səbr elə".
Növbəti həftə üçün Mərkəzi Gömrük Xəstəxanasında qan analizi verəcəyini deyən aktyor vurğulayıb ki, avqustun 2-si yenidən müayinə üçün Türkiyəyə gedəcək.
"Çox şükür evimə sağ və salamat qayıtdım. Məni sevənlərə demək istərdim ki, Allah mənə əsas can sağlığı versin ki, tezliklə səhnəyə çıxa bilim. İki filmə çəkilməliyəm. Film çəkilişləri məni gözləyir. Səhnəyə çıxıb tamaşalarda oynamaq istəyirəm. Axı, bundan başqa sənətim yoxdur",- deyə vətəninə yeni qayıdan Yaşar Nuri qeyd edib.
Məlumat üçün bildirək ki, aktyor iki gün əvvəl vətənə qayıdıb. Heydər Əliyev Hava Limanında sənətkarı qızları Ülkər və Ülviyyə, qohumları və ən yaxın dostu xalq artisti Firəngiz Mütəllimova, yerli media nümayəndələri qarşılayıblar. Sənətkarı hava limanında ayaq üstə görən çoxsaylı insanlar onu alqışlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB