Bu gün "Nizami" Kino Mərkəzində yeni yaradılan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis qurultayı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət xadimi Cəmil Quliyev bildirib ki, yaradılma təşəbbüsü irəli sürülmüş Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının fəaliyyət istiqamətləri - milli filmlərin beynəlxalq arenaya çıxarılması, milli filmlərin təşkili, beynəlxalq simpozium və konfransların təşkili, kino infrastrukturunun formalaşdırılmasıdır.
Azərbaycanın xalq artisti Şəfiqə Məmmədova bildirib ki, bu gün Azərbaycan kinosunun əsas problemlərindən biri gənc nəslin formalaşmaması məsələsidir: "Gənc nəslin demokratik, sağlam, mədəni mühitdə inkişafı çox vacib məsələdir. Biz bunu kinoya da gətirib, maarifləndirmə işi aparmalıyıq".
"Bizim sözümüzü deməli olan hazırkı kino ittifaqı cansız bir quruma çevrilib. Bizə isə öz professional məsələlərimizlə və başqa dərdimizlə müraciət edə biləcəyimiz demokratik ruhlu qurum lazımdır, dövlət qarşısında məsələ qaldırıb – həllinə nail olmağı bacaran təşkilatımız lazımdır", - deyə xalq artisti əlavə edib.
Kinorejissor Vaqif Mustafayev Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqının fəaliyyətini qeyri-qənaətbəxş olduğunu vurğulayıb: "Hazırda mövcud olan Kinematoqrafçılar İttifaqının fəaliyyəti qənaətbəxş deyil, onlar lazımi səviyyədə fəaliyyət göstərmirlər. Lazımdır ki, milli filmlər təhlil və təbliğ olunsun, kino mühiti yaransın. Kinonun tədrisi də vacib məsələlərdən biridir".
Müzakirələrdən sonra Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yarandığı elan olunub və xalq artisti Şəfiqə Məmmədova ittifaqın sədri seçilib.
Qeyd edək ki, ittifaqın təşəbbüs qrupunun və idarə heyətinin tərkibinə Şəfiqə Məmmədova, Ayaz Salayev, Cəmil Quliyev, Vaqif Mustafayev, Oqtay Mirqasımov, Ramiz Fətəliyev, Mais Ağabəyov, Yusif Quliyev, Siyavuş Kərimi, "Azərbaycanfilm" Kinostudiyasının direktoru Müşfiq Hətəmov, "Nərimanfilm" Kinostudiyasının direktoru Nəriman Məmmədov daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB