“Mübarizli Vətən” bölgələrdə nümayiş etdiriləcək

“Mübarizli Vətən” bölgələrdə nümayiş etdiriləcək

İyunun 18-dən – 20-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup aktyoru Gədəbəy, Qazax və Ağstafa bölgələrində şairə Fəridə Ləmanın Mübariz İbrahimova həsr etdiyi "Təəssüb" poeması əsasında hazırlanan "Mübarizli Vətən" ədəbi-bədii kompozisiyası çıxış edəcəklər.

SİA-nın məlumatına görə, teatr, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin "Bura Vətəndir" məclisinin birgə layihəsi çəçivəsində nümayiş etdiriləcək kompozisiya müstəqilliyimizin və ərazi bütövlüyümüzün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Mübariz İbrahimovun şəhidliyi gününə həsr olunub.

Tədbirin ssenari müəllifi və aparıcısı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş redaktoru, Əməkdar Mədəniyyət İşçisi Səriyyə İsmayılova, quruluşçu rejissoru Xalq artisti Ağaxan Salmanlı olan kompozisiyada əməkdar artistlər Lətifə Əliyeva, Kəmalə Hüseynova, aktyorlar Kərəm Hadızadə, Elşən Hacıbabayev iştirak edəcəklər.

Tədbirdə həmçinin, teatrın aktroyu İlham Əsədovun ifasında "Qalmaz dünya", Əlirza Amanbəylinin ifasında "Yenilməz" mahnısı səsləndiriləcək.

Məlumat üçün bildirək ki, sözügedən kompozisiya bu ilin fevral ayında teatrda və bir sıra ali təhsil ocaqlarında uğurla nümayiş etdirilib.

Qeyd edək ki, bu gün milli qəhrəmanın ölümündən iki il keçir.

Bütün xəbərlər Facebook səhifəmizdə