“Mədəniyyət abidələrimiz” adlı respublika foto müsabiqəsinə yekun vurulub

“Mədəniyyət abidələrimiz” adlı respublika foto müsabiqəsinə yekun vurulub

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan xalqının zəngin mədəni irsinin qorunub saxlanılması, mədəniyyət abidələrinin təbliği, gənclərin foto sənətinə marağının artırılması məqsədilə "Mədəniyyət abidələrimiz" adlı respublika fotomüsabiqəsi keçirib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müsabiqədə 16 yaşından yuxarı həvəskar və peşəkar fotoqraflar iştirak ediblər.


Fotolar (rəngli və ya ağ-qara) yalnız elektron formatda qəbul olunub. Əsasnaməyə görə, hər bir müəllif müsabiqəyə 10 ədəd foto təqdim edə bilər. Müsabiqəyə maraq böyük olub və respublikanın müxtəlif rayonlarından, şəhər və kəndlərindən 72 müəllif 598 foto təqdim edib. Mayın 16-dan 25-dək davam edən müsabiqəyə təqdim olunmuş işlər arasında qiymətləndirmə aparılıb və onların arasından 60-dək foto seçilib.


İyunun 8-də saat 16.00-da "LN Art Centre" qalereyasında müsabiqə qaliblərinin təltif olunması mərasimi və seçilmiş işlərdən ibarət sərgi keçiriləcək. Müsabiqə qaliblərinə Mədəniyyət və Turizm Nazirliyinin diplom və qiymətli hədiyyələri təqdim ediləcək. Nümayiş etdirilən əsərlərin kataloqunun nəşr olunması da nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə