\"Bakı Kristal Zalı\"nın ilk inşa günlərindən möhtəşəm şouyadək- Video

25 min tamaşaçı yeri olan, ən yüksək standartlara cavab verən \"Bakı Kristal Zalı\" genişmiqyaslı və beynəlxalq əhəmiyyətli əyləncəli, idman və ictimai tədbirlərin keçirilməsi üçün nəzərdə tutulub. Müasir memarlıq üslubundakı \"Bakı Kristal Zalı\" paytaxtın sürətlə dəyişən dənizkənarı görünüşünə yeni çalar verir. Arenada ilk olaraq \"Eurovision 2012\" mahnı müsabiqəsinin şouları keçirilib.


SİA-nın builki müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, \"Bakı Kristal Zalı\"ndakı səhnə ən son işıqlandırma və səs texnologiyası ilə fərqlənirdi. Binanın fasadı göz oxşayan kristal elementlərlə bəzədilib. 45.000 işıq-diod lampa ilə işıqlandırılan arena dünyamiqyaslı tədbirlər üçün möhtəşəm bir məkandır. Məhz bu işıq-diodlar vasitəsi ilə \"Eurovision 2012\"nin şoularına daha bir fərqli çalar əlavə olunmuşdu - arena hər ifadan əvvəl təmsilçinin ölkəsinin bayrağının rənginə uyğun işıqlandırılırdı.


Arenanın əsas fərqli cəhətlərindən biri də onun yerləşdiyi ərazidir. \"Bakı Kristal Zalı\"ndan Xəzər dənizinə insanı riqqətə gətirən mənzərə açılır. Bu görünüş təkcə turistləri deyil, elə Bakı sakinlərini də valeh edir.


Qısa zamanda inşa edilən \"Bakı Kristal Zalı\"na dair maraqlı eksklüziv foto və videonu Sizə təqdim edirik. Bu foto və kadrlar \"Bakı Kristal Zalı\"nın - möhtəşəm məkanın ərsəyə gəldiyi zamanı - ilk inşa günlərindən, son şou günlərinədək dövrü əks etdirir.


Bütün xəbərlər Facebook səhifəmizdə

loading...