YUĞ Teatrı növbəti beynəlxalq festivalda iştirak edib- FOTOSESSİYA
Azərbaycan Dövlət YUĞ Teatrının kollektivi Finlandiyanın İmatra şəhərində keçirilən "Ağ və Qara" Beynəlxalq Teatr Festivalında iştirak edib. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, YUĞ Teatrı ölkəmizi bu festivalda F.Kafkanın əsərləri əsasında hazırlanan "Kafkadan salam" tamaşası ilə təmsil edib.
Festival "Ağ və Qara" Teatrı tərəfindən təşkil olunub. "Ağ və Qara" Teatrı Finlandiyada yaşayan həmvətənimiz, teatr və kino rejissoru Kamran Şahmərdanın təşəbbüsü və yaxından iştirakı ilə 2001-ci ildə yaradılıb. Bu teatrın təşkil etdiyi eyniadlı festival isə 2003-cü ildən keçirilir. İlk dəfə 2003-cü ildə Finlandiyanın İmatra şəhərində keçirilən "Ağ və Qara" Teatr Festivalı əvvəlcə əvvəllər yalnız kukla teatrları üçün nəzərdə tutulub. Sonralar, konkret desək, 2005-ci ildən festivalın yaradıcı potensialı, bədii sərhədləri genişlənib və burada teatr sənətinin kukla, pantomim, rəqs, dram teatrı kimi digər növlərinə də yer ayrılıb.
Hər ilin may-iyun aylarında Finlandiyanın İmatra şəhərində keçirilən Festivalın ideya müəllifi və bədii rəhbəri Kamran Şahmərdandır. Artıq Azərbaycan tamaşaçılarına da yetərincə tanış olan həmvətənimizin təşkil etdiyi bu festival hazırda dünya miqyasında böyük nüfuz qazanıb. Belə ki, Festivalda Azərbaycan, Belçika, Keniya, Polşa, Böyük Britaniya, Rumıniya, İsrail, İran, Avstriya, İtaliya, Portuqaliya, Almaniya, Türkiyə, Ukrayna, Belarus, Rusiya və Estoniyadan ən müxtəlif üslubda çalışan teatr kollektivləri iştirak edib.
Xatırladaq ki, Kamran Şahmərdan Bakıda İbrus Teatrında "Tənha səs", Rus Dram Teatrında "Torağay", "Cəhənnəm sakinləri", Kukla Teatrında "Ağ və Qara", Akademik Milli Dram Teatrında "Teleskop" tamaşalarına quruluş verib.
Festivalı İmatra Şəhər İdarəsi, Cənubi-Şərqi Finlandiya İncəsənəti üzrə Komissiya, Finlandiya Mədəniyyət Fondu, Maarif Nazirliyi həmçinin digər təşkilatlar tərəfindən maliyyələşdirilir.
Teatrın festivala təqdim etdiyi "Kafkadan salam" tamaşası adından da göründüyü kimi, Frans Kafkanın əsərləri əsasında hazırlanıb. "Psixosof" poetikasına və bənzərsiz bir metodikaya əsasən hazırlanan tamaşanın quruluşçu rejissoru YUĞ Teatrının yaradıcısı və lideri, mərhum rejissorumuz Vaqif İbrahimoğludur. Tamaşanın süjeti spritik seans üzərində qurulub: Spiritik seansda Frans K.-nın ruhunu çağırırlar. Ruh peyda olur, amma və lakin spiritizmin qaydalarını pozaraq, spiritlərin ona verdiyi sualları özlərinə qaytarır.
Tamaşada YUĞ Teatrının aktyorları əməkdar artistlər Fərhad İsrafilov (Ata), Sonaxanım Mikayılova (Ana), Məmmədsəfa Qasımov (Oğul), Gülzar Qurbanova (Qadın), Vidadi İsmayıl (Dadı), aktyorlar Yaqut Paşazadə (Bacı), Hikmət Rəhim (Animus) və Ruslan Şöhrətoğlu (Frans K.) çıxış ediblər. Tamaşanın ideya qurğusu Kafkanın əsərlərinin paradiqması üzərində qurulub. Teatrın mövqeyinə görə, Frans Kafka öz üzərində heç bir hakimiyyəti qəbul etməyən seçilmişlərdəndir. Özü də heç kimin üzərində hakim olmaq istəməyib, yaradıcılığı ilə insanları yalnız "salam"a, sülhə, barışığa çağırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB