Azərbaycan Dövlət Musiqili Komediya Teatrı Azərbaycan dramaturgiyasının banisi, görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi münasibətilə ədibin "Hekayəti Molla İbrahimxəlil Kimyagər" komediyası əsasında hazırlanmış "Kimyagər" (bəstəkar Siyavuş Kərimi, libretto müəllifi Əjdər Ol) tamaşasını sənətsevərlərə təqdim etməyə hazırlaşır. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tamaşa Mədəniyyət və Turizm Nazirliyinin keçirəcəyi "Sərgüzəşti-Mirzə Fətəli Axundzadə" Milli Teatr Festivalı çərçivəsində iyunun 8-də Akademik Milli Dram Teatrında göstəriləcək.


Əsərə əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verib. Tamaşada xalq artisti Afaq Bəşirqızı (Kimyagər), əməkdar artist Əkbər Əlizadə (Həmid), Əzizağa Əzizov (Hacı Kərim), Ələkbər Əliyev, Məhərrəm Qurbanov (Ağa Zaman), Ziyadxan Cəbrayılov (Molla Salman), Novruz Əliyev (Məşədi Cabbar), Əliməmməd Novruzov, Hüseyn Əlili (Dərviş), Elçin İmanov (Səfər bəy), Ağaxan Şərifov (Şeyx Salah), Nadir Xasıyev (Hacı Nuru) iştirak edəcəklər. Tamaşanın bədii tərtibatının müəllifi gənc rəssam Sevinc Həsənovadır.

Bütün xəbərlər Facebook səhifəmizdə