“Siz teatrı sevirsinizmi?”

Yazıçı-dramaturq Əli Əmirli müəllim kimi çalışdığı Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyinə həsr etdiyi "Siz teatrı sevirsinizmi?" adlı pyesini bitirib. Bu barədə SİA-ya yazıçı-dramaturq Əli Əmirli məlumat verib. Onun sözlərinə görə, bu gün Azərbaycanda mədəniyyətin, o cümlədən teatr kimi möhtəşəm bir sənətin istiqamətini müəyyən edən sənətkarların əksəriyyəti məhz 90 yaşlı bu təhsil müəssisəsinin yetirmələridir: \"Universitetin yubileyi ərəfəsində səhnəyə qoyulacaq bu əsərdə tamaşaçılar Belinski, Stanislavski, Ərəblinski kimi teatr və mədəniyyət korifeyləri ilə yanaşı Azərbaycan teatrının inkişafında misilsiz xidmətləri olan Şövkət Məmmədova, Ədil İskəndərov, Rza Təhmasib, Mehdi Məmmədov, Tofiq Kazımov kimi unudulmaz sənətkarların obrazlarını görə biləcəklər. Mürəkkəb strukturu olan bu əsərdə elə həmin məsələni konkret obrazların şəxsində və onlar arasındakı sadə olmayan münasibətlərdə göstərməyə çalışmışam\".

Universitetin rektoru Timuçin Əfəndiyevin ideyası əsasında yazılan pyesin janrını dramaturq sənədli-bədii kollaj kimi müəyyən edib. Müxtəlif dövrlərdə yaşayan və fəaliyyət göstərən bir çox məşhur tarixi şəxsiyyətlərin yer aldığı bu əsərdə müəllif 1923-cü ildə nəinki Azərbaycanda, bütün Şərqdə ilkin olaraq yaradılan Teatr məktəbi əsasında pərvəriş tapan, zamanın tələblərinə uyğun olaraq ayrı-ayrı inkişaf mərhələrini keçərək Teatr institutuna, daha sonra İncəsənət İnstitutuna və nəhayət, 1991-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə çevrilən unikal sənət və təhsil ocağının səhnə modelini yaratmağa çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə