\"Eurovision 2012\" mahnı müsabiqəsində iştirak etmək istəyən turistlərin Azərbaycana əsas axını mayın 20-dən başlayacaq. Apardığımız müşahidələr zamanı bəlli oldu ki, hazırda ölkəmizə turist gəlişi hələ ki azdır. Müsabiqə ilə əlaqədar ölkəyə gələnlər sırasında yalnız rəsmi nümayəndələr və jurnalistlər var. Lakin bu günə qədər mehmanxanalarda 5 minə yaxın qonağın yerləşdirildiyi bildirilir. Bir çox turistlər ölkəmizə təşrif buyurmasalar da onlar artıq mehmanxanalarda yerlərini bronlaşdırıblar. Rəsmilər isə mehmanxanalarda turistləri yerləşdirmək üçün kifayət qədər yerlərin olduğunu bildirirlər.
Yarışmanı izləmək üçün Azərbaycana gələcək qonaqlara paytaxt Bakı ilə yanaşı Qəbələ, Qobustan və Abşerona turlar da təşkil edilir.
Bakımız və müsabiqə haqda turstlərin fikirlərini öyrənmək üçün paytaxt küçələrində axtarışa çıxdıq. Hələ az sayda olan turistləri ən çox "Eurovision-2012"nin ünvanında, "Bakı Kristal Zal"ının yaxınlığında tapdıq. Gəlin Bakıya aşıq olan qonaqların fikirləri ilə tanış olaq.
Hollandiya vətəndaşı: Salam. Mən ilk dəfədir Bakıdayam. Bura çox gözəldir. Hətta şəhərinizin bu cür gözəl olmasına təəccübləndim. Ancaq qane etməyən avtomobillərin çox olmasıdır. Bəllidir ki, şəhəriniz qaynayıb-qarışır. Müxtəlif şirniyyatları dadmışam. Ən çox paxlava və bal xoşuma gəlir. Təmsilçilər arasında Niderland və Hollandiyanı dəstəkləyirəm. Xahiş edirəm, hər kəs onlara səs versin. Səmimi etiraf edim, Səbinə Babayevaya qulaq asmağa vaxtım olmayıb. Çünki bütün günü ora-bura qaçıram və azərbaycanlı jurnalistlər məndən müsahibə alırlar. Vaxtım demək olar ki, yoxdur.
Almaniya vətəndaşı: Mən Azərbaycana dünən gəlmişəm heç hələ heç bir yeri görməmişəm. Bircə bu gün İçəri şəhərdə olmuşam. Çox bəyəndim oraları. Azərbaycanlılar çox istiqanlı, qonaqpərvər millətdir. Ən maraqlı məkan yəqin ki, "Bakı Krislal Zal"ı olar. Hələ arenaya daxil olmamışam. Ancaq kənardan baxdıqda çox cəzbedici görünür. Favoritim təbii ki Almaniyadır. Digər təmsilçilər haqda hələ xəbərsizəm.
Almaniyalı jurnalist: Sizdə ən çox gülər üzlü, mehriban olmağınızı bəyəndim. Çöldə kim bizi görürsə, salam verir. Biz şəhərdən kənara getdik. Gözəl məkanlarla, təbiətlə tanış olduq. Sizin mətbəxi də daddıq, bəyəndik. Sizin milli musiqilərinizi də hər zaman dinləyirik. Azərbaycan dörd ildir peşəkar musiqi təqdim edir. Yadımızda ən çox Səfurə, Aysel və Araş, Eldar və Nigar qalıb. "Bakı Kristal Zal"ı möhtəşəmdir. İçərisi bir cür gözəldirsə, kənardan lap valehedicidir. Arenanı gecə kənardan izləmək xüsusi zövq verir. Azərbaycanda bu cür xoş ab-hava gördüyüm üçün hər birinizə minnətdarıq. Dəvətiniz üçün ayrıca təşəkkür edirik. Biz də sizi öz ölkəmizə dəvət edirik. Çünki yəqin biz bu il də qalıb olacağıq.
Turistlərin fikirlərindən sonra yolumuzu paytaxtın qədim tarixi məkanı olan İçəri Şəhərdən saldıq. Çəkiliş apardığımız müddətdə orada "Qız Qalası" festivalı çərçivəsində azərbaycanlı rəssamımızın fikirlərini də öyrəndik. Əli Şəmsiyev öz sənəti ilə Azərbaycanı xarici ölkələrdə yetərincə tanıtdığını dedi.
Rəssamımız öz zarafatlarından da qalmadı. \"Hansı ölkə təmsilçisini bəyənirsiniz?\" sualına \"müsabiqədəki qızlar çox gözəldir\",- dedi.
Eurovision mahnı müsabiqə üçün nəzərdə tutulan aksessuarlara isə ancaq bəzi yerlərdə rast gələ bildik. Rəsmi satış nöqtələrində hələlik tişörtlər və jiletlər satılır. Qiymətlər isə 30- 90 AZN arasında dəyişir. Satıcı Mehman Məmmədov deyir ki, musiqi yarışmasının müxtəlif elementlərini özündə əks etdirən akssesuarlar da gətiriləcək.
Lakin digər köşklərdə Eurovision mahnı müsabiqəsi üçün nəzərdə tutulan aksesuarlara rast gəlmədik. Səbəbini soruşanda isə satıcı susmağa üstünlük verdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB