Xarici jurnalist Lilian Brunell: \"Azərbaycanın insanları da havası kimi istiqanlı və mehribandır\" - FOTOSESSİYA

Xarici jurnalist Lilian Brunell: \"Azərbaycanın insanları da havası kimi istiqanlı və mehribandır\" - FOTOSESSİYA

Bu gün "Eurovision- 2012" mahnı müsabiqəsi çərçivəsində xarici jurnalistlər Səs İnformasiya Agentliyinin (SİA) redaksiyasında olublar. SİA-nın məlumatına görə, jurnalistlər Hollandiya, İsveç və Finlandiyanı təmsil ediblər. İlk olaraq qonaqlara Səs İnformasiya Agentliyi, "Səs" qəzeti, Səs Televiziyası və SİATRAVEL haqqında məlumat verilib. Ardınca isə qonaqların ölkəmiz haqqında fikirləri öyrənilib.

Hollandiyalı jurnalist Jürgen Börnig Azərbaycana gəlməkdən məmnun olduğunu bildirib: "Baxmayaraq ki, ilk dəfədir şəhərinizdəyəm, ancaq hər şey mükəmməldir. Vaxt azlığından şəhərinizlə daha yaxından tanış olmaq imkanımız hələ ki, olmayıb. Məşqlərlə mətbuat konfransları arasında vaxt az olduğundan əlavə tədbirlərə, şəhərlə tanışlığa vaxt qalmır. Lakin Azərbaycanın bir sıra gəzməli-görməli yerlərində olmaq istərdik".

Jurnalistin bu təklifini nəzərə alıb SİA-nın icraçı direktoru Vəli Vəlili qonaqlara rayonlarımızdan birinə tur təklif edib.

İsveçli jurnalist Lilian Brunell isə qeyd edib ki, Bakının bir çox yerlərini görüblər və hər şey çox mükəmməldir: "Müsabiqənin keçiriləcəyi arenanın gözəlliyinə isə söz ola bilməz. Soyuq ölkədən gəlmişik. Buranın havası isə həm isti, həm də gözəldir. Azərbaycanın insanları da havası kimi istiqanlı və mehribandılar. Dəniz kənarı Milli Parkı gəzdik və insanlarının isti münasibətinin bir daha canlı şahidi olduq".

Finlandiyalı jurnalist Roger Silfvast vurğulayıb ki, Azərbaycanla bağlı qısa film hazırlayırlar: "Biz Azərbaycan, xüsusi ilə də Bakı haqqında qısa film hazırlamaq niyyətindəyik. Buradan ayrıldıqdan sonra qaldığımız oteldə həmin filmin bəzi hissələri ilə məşğul olacağıq. Yeri gəlmişkən təşkil edəcəyiniz tur da həmin filmin bir hissəsi olacaq".

Görüş zamanı bir məsələ də aydın oldu ki, Avropada maliyyə böhranı nəticəsində mətbuat çox sıxıntı çəkir. Hətta Bakıda keçiriləcək \"Euroviziya\" mahnı yarışmasına heç də Avropa mətbuatının hamısı gələ bilməyiblər. Bir neçə ölkənin mətbuatı toplaşıb bir müxbir və bir operatoru Bakıya göndərə biliblər. Təbii ki, bu, qoca Avropanın heç də adət etmədiyi bir vəziyyətdir. Az qala dünyanın əksər bölgəsində, şəhər və kəndində müxbir məntəqəsinə sahib olan iri media qurumları indi maliyyə sıxıntısı yaşayır. Amma Azərbaycanın media sahəsində inkişaf etdiyini deyən qonaqlar SİA ilə bundan sonra sıx əlaqələr yaradacaqlarını bildiriblər.

Qonaqlar bir daha qonaqpərvərliyə, səmimi qəbula, Azərbaycan hökumətinə isə təəssüratlarda inqilabi dəyişiklik etdiyinə görə, minnətdarlıqlarını bildiriblər.

Sonda xarici jurnalistlər redaksiyanın binası ilə tanış olublar.

Qeyd edək ki, görüşün sonunda qonaqlar agentliyin əməkdaşları ilə xatirə şəkli çəkdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə