Əbdürrəhim bəy Haqverdiyev - 142

Nasir, dramaturq, ədəbiyyatşünas Əbdürrəhim bəy Haqverdiyev 1870-ci il mayın 17-də Şuşa yaxınlığındakı Ağbulaq kəndində doğulub. On yaşı olanda atalığı Əbdürrəhim bəyi Şuşada Yusif bəy Məliknəzərovun müvəqqəti yay məktəbinə qoyub. O, burada qısa müddətdə rus dilini öyrənib, dünya ədəbiyyatını mütaliəyə başlayıb. On dörd yaşında Şuşa şəhərində yerli ziyalıların göstərdikləri "Xırs quldurbasan" (Mirzə Fətəli Axundzadə) komediyasma baxıb. Bu, onun gördüyü ilk səhnə əsəri idi və bundan təsirlənən gənc Əbdürrəhim bəy Axundzadənin komediyalarını mütaliə edərək "Hacı Daşdəmir" adlı məsxərə yazıb.


İlk qələm təcrübəsini oxumaq üçün müəlliminə verib və sonra ondan müəyyən məsləhətlər alıb. Şuşa şəhərindəki altıillik realnı məktəbi 1890-cı ildə başa vuran Əbdürrəhim bəy bir il də Tiflis realnı məktəbində oxuyub.


1891-ci ildə ali təhsil almaq məqsədilə Peterburqa gəlib və uğurla imtahan verərək Yol Mühəndisləri İnstitutuna daxil olub. Səkkiz il bu ali təhsil ocağında oxuyub və eyni zamanda universitetin şərq fakültəsində azad müdavim kimi mühazirələri dinləyib. Ədəbiyyata qızğın maraq göstərib və həmin dövrdə Rusiyanın ən qabaqcıl sənət ocaqlarından sayılan Aleksandrinsk teatrının tamaşalarını müntəzəm izləyib.


1892-ci ildə "Yeyərsən qaz ətini, görərsən ləzzətini", 1896-cı ildə isə "Dağılan tifaq" əsərlərini yazıb. "Dağılan tifaq" 1899-cu idə Peterburqda nəşr edilib.


Təhsilini başa vurduqdan sonra 1899-cu ildə Peterburqdan Şuşaya qayıdıb. İki il burada yaşayıb, şəhərdə teatr tamaşalarının hazırlanmasında iştirak edib, xalq yaradıcılığının nümunələrini toplayıb. İki il sonra isə Bakıya gəlib, burada "Müsəlman artistləri dəstəsi"nin baş rejissoru kimi çalışıb. 1904-cü ildə Şuşaya qayıdıb və bir il sonra Gəncə quberniyasından Rusiya Dumasma deputat seçilib və Peterburqa yollanıb. Duma dağılandan sonra bir müddət orada yaşayıb və yazacağı "Ağa Məhəmməd şah Qacar" faciəsinə materiallar toplayıb. Bu işi İranın Mazandaran şəhərində də davam etdirib.


1908-ci ildən "Nicat" mədəni-maarif cəmiyyətində çalışıb, milyonçu Hacı Zeynalabdin Tağıyevin Kür-Xəzər gəmiçiliyi idarəsində işləyib. Xidməti vəzifəsi ilə bağlı Qafqazı, İranı, Volqaboyu diyarları, Orta Asiyanı gəzib.


"Leyli və Məcnun" operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulduğu zaman ilk Azərbaycan dirijoru kimi xor və orkestri tamaşanı idarə edib.


1911-ci ildə vəzifədən çıxan Əbdürrəhim bəy Ağdama gəlib və beş il burada yaşayıb. 1916-cı ildə Tiflisdə rus dilində nəşr olunan "Şəhərlər İttifaqının Qafqaz şöbəsi əxbarı" aylıq məcmuəsinə müdir təyin olunub. Bir ildən sonra Borçalı qəzasında müvəkkil vəzifəsini tutub.


1919-cu ildə Müsavat hökuməti onu Dağıstana Azərbaycan Demokratik Respublikasının nümayəndəsi göndərib. Əbdürrəhim bəy Haqverdiyev 1920-ci ilin iyununda Bakıda yenicə yaranan şura teatrı komissarı seçilib.


1921-1931-ci illərdə Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxuyub. 1924-cü ildə Rusiya Elmlər Akademiyasının ölkəşünaslıq bürosuna müxbir üzv seçilib. Əbdürrəhim bəy Haqverdiyev 1933-cü il dekabrın 11-də Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.

Bütün xəbərlər Facebook səhifəmizdə