Soluna Samay: \"Yarışmada əsas rəqibim İsveç təmsilçisi Lorendir\"- MÜSAHİBƏ

Danimarkanı Azərbaycanın ev sahibliyi edəcəyi Eurovision Mahnı Müsabiqəsi-2012-də Soluna Samay təmsil edəcək. 1990-cı ildə anadan olan Soluna Samay musiqi karyerasına \"Sing Out Loud\" musiqi albomu ilə başlayıb. Onun Bakı səhnəsində ifa edəcəyi mahnı da artıq məlumdur. Soluna Samay \"Should have known better\" (\"Daha yaxşı tanınmalı idi\") mahnısı ilə çıxış edəcək.

Dünən təmsilçi ilk məşqini edib. S. Samayın SİA-ya verdiyi eksklüziv müsahibəsində onun Bakı haqqında fikirlərini və hansı ölkə təmsilçisini bəyəndiyini biləcəksiniz:

- Müsabiqədə ifa edəcəyiniz \"Should have known better\" (\"Daha yaxşı tanınmalı idi\") mahnısı haqqında nə deyə bilərsiniz?

- "Eurovision- 2012" mahnı müsabiqəsində ifa edəcəyim mahnı sevgi haqqındadır. Mahnımda səyahət mövzusu da yer alır. Bir insanın başqa yerə getməsi və sevdiyinə əlvida deməsi mahnımın əsas qayəsidir.

- Yarışmada əsas favoritləriniz kimlərdir?

- Builki müsabiqədə əsas favoritim İsveç təmsilçisi Lorendir. Yarışmada əsas rəqibim odur. Onun ifa tərzini çox bəyənirəm. Onunla bir səhnədə oxumaq və rəqabət aparmaq çox maraqlı olacaq.

- Kimin qələbə qazanacağına inanırsınız?

- Hər zaman olduğu kimi Eurovision tarixində çox maraqlı hadisələr baş verir. Çox vaxt güclü səsi olan ifaçı kənarda qalır və heç bir yerə sahib ola bilmir. Ancaq elə təmsilçi olur ki, ağla gəlməyən səs çoxluğu ilə qələbə qazanır. Səhnədə sənə verilən 3 dəqiqə ərzində əlindən gələni etməlisən. Kimin qalib gələcəyini isə dəqiq deyə bilmərəm.

- Hansı ölkələrdən səs gözləyirsiniz?

- Bu haqda heç vaxt düşünməmişəm. Müsabiqədə ifa edəcəyim mahnı müasir dövrün tələblərinə uyğundur. Pop janrında olan musiqimin bir çoxları tərəfindən bəyəniləcəyinə inanıram. İfamı kim bəyənsə o da səs verəcək. Ümid edirəm ki, bizə tək qonşu ölkələr yox, eləcə də digər dövlətlər də mahnıma səs verəcəklər.

- Azərbaycanda ilk dəfədir olursunuz. Təəssüratlarınız necədir?

- Təyyarədən enərkən Bakının gözəlliyinin şahidi oldum. Nəzərə alsaq ki, bir çox ölkələrə səyahət etmişəm, ancaq burada heç vaxt olmamışam. Bakıda olmaq çox maraqlıdır, çünki sizin dilinizi belə bilmirəm. Burada yeni mədəniyyətlə tanış oluram. Yeni təcrübə qazanıram. Xəzər dənizi və şəhəriniz çox möhtəşəmdir. Bakı nə qədər də müasirləşsə də burada yenə Şərq ab-havası özünü büruzə verir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...