Prezident İlham Əliyev müğənni və bəstəkar Müslüm Maqomayevin 70 illiyi haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti İlham Əliyev görkəmli müğənni və bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayevin 70 illik yubileyi haqqında sərəncam imzalayıb. SİA-nın məlumatına görə, sərəncamda qeyd olunur ki, 2012-ci ilin avqust ayında görkəmli müğənni və bəstəkar, SSRİ xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayevin anadan olmasının 70 illiyi tamam olur. Müasir Azərbaycan musiqi mədəniyyətinin zənginləşməsində Müslüm Maqomayevin müstəsna xidmətləri var. Qeyri-adi istedada malik sənətkar vokal ifaçılığının qızıl fondunu təşkil edən misilsiz opera sənəti inciləri yaradıb. Müslüm Maqomayev ötən əsrin 70-ci illərində sovet estradasının yeni simasının formalaşmasında böyük rol oynayıb. Sərəncama əsasən Azərbaycan mədəniyyətinin inkişafı və təbliği işinə mühüm töhfələr vermiş Müslüm Maqomayevin 70 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınmaqla, Müslüm Maqomayevin 70 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə