Əliqismət Lalayev \"Yaxşıların yaxşısı\" oldu

Əliqismət Lalayev \"Yaxşıların yaxşısı\" oldu

Azərbaycan Dövlət Mahnı Teatrında "Yaxşıların yaxşısı" Milli Mükafatının təqdimat mərasimi keçirilib. Milli teatr sənəti sahəsindəki uğurlarına görə Musiqili Komediya Teatrının direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev "Yaxşıların yaxşısı" Milli Mükafatına layiq görülüb. SİA-nın məlumatına görə, ölkənin tanınmış siyasətçilərinin, millət vəkillərinin, eləcə də incəsənət xadimlərinin layiq görüldüyü bu mükafatı Əliqismət Lalayev də böyük sevinclə qarşılayıb.

Ə.Lalayev açıqlamasında bildirib ki, bu il teatr üçün çox uğurlu olub: \"Kollektiv mart ayında Mədəniyyət və Turizm Nazirliyinin "Zirvə" mükafatına layiq görülüb. Bu mükafatlar əsl sənətə verilən yüksək dəyər kimi kollektivi daha böyük uğurlara ruhlandırır, məsuliyyət hissimizi artırır\".

Teatrın yeni tamaşalarından da söhbət açan direktor onu da qeyd edib ki, Musiqili Komediya Teatrı öz pərəstişkarlarını may və iyun aylarında iki yeni premyera ilə sevindirəcək. Bunlar mayın 21-də Gənc Tamaşaçılar Teatrında təqdim ediləcək "www.ferzeli-keyf.com" (E.Sabitoğlu, C.Məmmədov) və iyunun 8-də Akademik Milli Dram Teatrında göstəriləcək "Kimyagər" (M.F.Axundov, S.Kərimi, libretto müəllifi Əjdər ol) əsərləridir. Birinci komediyanın quruluşçu rejissoru Əhəd Hacıyev, əsas rolların ifaçıları isə xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, tanınmış komediya ustaları Novruz Qartal, Çingiz Əhmədov və başqalarıdır.

"Kimyagər" tamaşası isə M.F.Axundovun 200 illik yubileyinə teatrın hədiyyəsidir. Tamaşa Mədəniyyət və Turizm Nazirliyinin Dövlət sifarişi ilə hazırlanır. Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, bəstəkarı Səyavuş Kərimi, rəssamları Sevinc Məmmədova və Novruz Məmmədovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə