Nəzakət Teymurovadan Azərbaycan muğamına daha bir töhfə - FOTOSESSİYA
Ötən gün xalq artisti, tanınmış xanəndə Nəzakət Teymurovanın Beynəlxalq Muğam Mərkəzində "Çox uzun deyil bu həyat…" adlı solo konsert proqramı keçirilib. SİA-nın məlumatına görə, konsertdə Azərbaycan muğam sənətinin qaymaqları, tanınmış xanəndələr, incəsənət nümayəndələri, şairlər də qonaq qismində iştirak edirdilər. Xalq artistləri Arif Babayev, Mənsum İbrahimov, Aygün Bayramov, şair Ramiz Rövşən, bəstəkar Tahir Əkbər, sənətşünas-alim Sənubər Bağırova və digərləri qatılıblar.
Xanəndəni səhnədə "Xarı Bülbül" muğam qrupu instrumental ansamblı müşayiət edib. Qrupun rəhbəri əməkdar artist Əliağa Sədiyev idi. Nəfəs alətlərində Nəzakət Teymurovanı əməkdar artist Şirzad Fətəliyev, kamançada Elnur Mikayılov, kanonda Çinarə Mütəllibova, udda Şəhriyar İmanov, tarda Qalib Həşimov, nağarada Kamran Kərimov, Eyvaz Həşimov və Hüsaməddin Əzizov müşayiət edirdilər.
N. Teymurova konserti "Çahargah" təsnifi ilə açdı. Solo-konsertdə "Mahur", "Segah", "Şur", "Humayun" təsnifləri ifa olundu. Xalq artisti birinci ifadan sonra qonaqları salamladı. İlk öncə ustadı Arif Babayevi təqdim etdi və ona minnətdarlığını çatdırdı. Nəzakət Teymurova tərəf-müqabillərini də salamlayaraq bu gecə onu tək qoymadıqları üçün təşəkkürünü bildirdi.
Özünəməxsus ifası ilə xanım xanəndələr arasında xüsusilə seçilən Nəzakət xanım konsert zamanı kiçik bir çıxış etdi. Elə maraqlı məqam da bu zaman baş verdi. Danışmağı o qədər sevməyən xanəndə həyəcanlandığını da gizlətmədi: "Mən bu yaxınlarda İtaliyadan səfərdən qayıtmışam. Orada da çıxış edərkən bir az həyəcan keçirirdim. Ona görə də fikirlərimi çatdırmağa çətinlik çəkirəm. İtaliyada da bildirdilər ki, siz danışmayın oxuyun. O üzdən mən danışmayım, oxusam yaxşı olar. Xanəndənin işi oxumaqdır".
Konsertdə Xalq artisti ustadı Arif Babayevin iki təsnifini də ifa etdi. Nəzakət Teymurova səhnədə əsl xanəndə kimi özünəməxsus oturuşu, qavalla münasibətində də bir daha professionallığını nümayiş etdirdi. Xanəndənin hər ifasından sonra tamaşaçıların davamlı alqışları səslənirdi. Hətta konsertin repertuarı tam bitdikdən sonra tamaşaçılar xanəndədən "Qarabağ" şikəstəsini xahiş etdilər. Zal bir ağızdan "Qarabağ şikəstəsi" deyərək Nəzakət Teymurovanı məhz bu mağamı ifa etməyi xahiş etdilər. O da tamaşaçıların istəyini yerinə yetirdi.
Sonda "Qarabağ şikəstəsi" səsləndi. Nəzakət Teymurovanın "Qarabağ şikəstəsi"ndən sonra tamaşaçılar ayaqüstə uzun müddət xanəndəna alqışladılar. O, Beynəlxalq Muğam Mərkəzinin səhnəsində sözün həqiqi mənasında çiçək yağışına tutuldu. Xalq artistinin bu konserti də Azərbaycan muğamına verilən tövfə idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB