Maestro Niyazinin 100 illik yubileyinə həsr olunan konsert proqramı keçirilib
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə dünya şöhrətli dirijor, bəstəkar Niyazinin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilir. SİA-nın məlumatına görə, həmin tədbirlər sırasına bu gün biri daha əlavə olunub. Belə ki, bu gün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Niyazinin adını daşıyan 22 №-li uşaq musiqi məktəbinin müəllimlərinin - əməkdar artist Fəridə Məlikova, əməkdar mədəniyyət işçiləri Nəzakət Mövsümzadə və Nemət Qasımovun iştirakı ilə konsert proqramı təqdim olunub.
Tədbirdə çıxış edən musiqi məktəbinin direktoru, əməkdar müəllimi Natiq Vəliyev maestro Niyazinin həyat və yaradıcılığından söhbət açaraq onun Azərbaycan musiqisinin inkişafındakı böyük əməyini diqqətə çatdırıb.
Konsert proqramında dünya və Azərbaycan bəstəkarlarının əsərləri səslənib. Bununla yanaşı, Niyazinin "Bəxtiyarlıq mahnısı", Tofiq Quliyevin "Popurri"si, Ş. Axundovanın "Mehriban olaq" və bir sıra əsərlər musiqi məktəbinin uşaqlarının ifasında maraqla qarşılanıb.
Qeyd edək ki, tədbirin keçirilməsində başlıca məqsəd ölkəmizin musiqi mədəniyyətinin inkişafı və milli musiqinin təbliğidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB