Səbinə Babayeva: \"Müsabiqədən sonra muğamı mükəmməl öyrənmək istəyirəm\"
Azərbaycanın bu ilki \"Eurovision\" təmsilçisi Səbinə Babayeva London səfəri ərəfəsində Ukraynada bir neçə televiziya proqramlarının qonağı olub. SİA-nın təmsilçimizin saytına istinadən verdiyi məlumata görə, o, Kiyevdə gündəlik qəzetlərdən birinin redaksiyasında pərəstişkarları ilə onlayn görüş keçirib. Səbinə Babayeva 1 saat müddətində fanlarının və media mənsublarının çoxsaylı suallarını cavablandırıb.
O, mayın 26-da Azərbaycanın ev sahibliyi edəcəyi böyük şouya hazırlığından, ölkə təmsilçisi seçilənədək keçdiyi yoldan, karyerası və ailəsindən danışıb. Səbinə müsabiqədən sonrakı həyatına dair bəzi kiçik sirrləri də tamaşaçıları ilə bölüşüb. \"Eurovision çox böyük layihədir. O, çoxlu güc, qüvvə və fədakarlıq tələb edir. Hələ ki, bütün diqqətimi yalnız müsabiqəyə yönəltmişəm. Lakin müsabiqədən sonra Azərbaycanın milli mənəvi sərvəti olan muğamı mükəmməl öyrənmək istəyirəm\".
Bundan əlavə ölkə təmsilçimiz 2002-ci ildən 2007-ci ilədək yazdırdığı mahnıları bir musiqi albomunda toplamağı planlaşdırır. Hətta onların sırasına özünün bəstələdiyi mahnıları da əlavə edəcəyini bildirib. \"Bundan sonra hansısa müsabiqədə iştirak edərsinizmi?\" sualını o, \"Yalnız ölkəm üçün əhəmiyyətli olarsa, iştirak edərəm\" - deyə cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB